Cümə xütbəsi - 20 Yanvar - fədakarlıq zirvəsi (20.01.2017)


Əuzu billəhi minəş-şeytanir-racim. Bismillahirrahmanirrahim. Subhanaka fakina azaban nar. Wa Lillahi Mulku As-Samawati Wa Al-Arđi Wa Allahu Ala Kulli Shay`in Qadirun. Wa katalu ve kutilu le ukeffirenne anhum seyyiatihim wa le udhılennehum cennatin tecri min tahtihal enhar, sevaben min indillah vallahu indehu husnus sevab.

Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin.

Usikum və nəfsi bi təqvallah. Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm

1990-cı il 20 yanvar hadisəsinin il dönümüdür. Bu münasibətlə bütün Azərbaycan xalqına, bu cümə namazında iştirak edənlərə, başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin inşaAllah. Bugün şəhidlərin günüdür və Azərbaycan xalqı hər il 20 yanvar günü böyük bir izdihamla öz şəhidlərini yad edir, onların müqəddəs məzarını ziyarət edir.

Şəhidlik İslamda ən uca rütbədir, insanın fəth edə biləcəyi ən ali bir məqamdır. Həzrəti Musa (ə.s.) Allahdan istədi ki, İslam Peyğəmbərinin ümmətinin məqamını ona göstərsin. Allah dedi ki, sən sonuncu peyğəmbərin ümmətinin məqamını görməyə taqətin çatmaz. Sənə yalnız bir cilvəsini göstərərəm. O cilvəni ona göstərəndə Həzrəti Musa taqəti olmadı, özündən getdi. O cilvə isar idi, isar xüsusiyyəti. İsar nədir? İsar fədakarlığın ən uca zirvəsidir. İnsanın başqaları uğrunda fəda olması, fədakarlıq etməsi. Bunun ən ali dərəcəsi isardır. İslam dini insanı başqaları uğrunda fəda olmağa dəvət edir. Bunu insanın kamilliyinin ən əsas şərti hesab edir.

İnsanın dərdi onun məqamının göstəricisidir. Deyirlər bir insanın kimliyini, məqamını dərk etmək üçün dərdi ilə tanış olmalısan. İnsan nəyin dərdini çəkir? Nəyin qayğısını çəkir? Bunu bəyan eləsə, onun kimliyini müəyyən eləmək asandır. İnsan dərdi qədər dəyərlidir, qəmi qədər dəyərlidir. Ancaq öz cılız məqsədləri üçün, özü və ailəsi üçün yaşayan insanların mənəvi kamillik zirvəsini fəth eləməsi mümkünsüzdür.

İnsan liqaullah üçün yaranıb, insan varlıq içində ən ali, ən üstün varlıqdır. Ya ayyuha alinsanu innaka kadihun ila rabbika kadhan famulaqeehi. Ey insan, sən Rəbbinə doğru çətin, keşməkeşli yol gedirsən. Bu yolun sonu Allahla görüşdür. İnsan Allahla görüş şərəfinə nail ola bilən bir varlıqdır. İnsan o qədər əzəmətlidir ki, tanrını ağuşuna ala bilir. Allah onu qarşılayır və özünü ona bəxş edə bilir. Bu çətin və keşməkeşli bir yoldur.

İnsanın ruhu tutumu o qədərdir, zərfiyyəti o qədərdir ki, insan Allaha qovuşa bilir. Allahla görüşə bilir və bu yolun ən böyük maneəsi insanın eqosudur, insanın mənfəətidir, insanın özüdür. Allah ilə insan arasında ən qalın və yeganə hicab insanın özüdür. İnsanın bitib tükənməyən istəkləri, meyilləri, mənafeyi və mənfəətidir. Dinin bütün hökümlərinin fəlsəfəsini araşdırsaq, namazından tutmuş həccinə qədər, xumsuna, zəkatına qədər bütün dini hökumləri araşdırsaq, görərik ki, din o mənfəəti hədəfə alır. O mənfəətin qalın divarını laxlatmaq üçün hökümlər müəyyən edir ki, insan o mənfəət dairəsindən çıxsın, mənfəət bucağından baxmasın dünyaya. Bütün dini hökümlər bunun üçündür ki, insan ‘mən’dən azad olsun. ‘Mən’dən azad olduğu gün insan məbuduna qovuşur. İnsanla tanrı arasında yeganə hicab insanın özüdür. Din də bunun üçün gəlib ki, bu hicabı aradan aparsın. Bütün hökümlərı bunun üçündür.

Və bu yolda insanı məqsədə çatdıran ən təsirli vasitə başqalarına yanmaqdır, başqalarını sevməkdir. İnsanlığın aşiqi olmaqdır. İnsan nə qədər ki öz başına təvaf edir, fəaliyyətinin, gündəlik işinin, hər bir əməlinin mərkəzində özü dayanırsa, o tanrı ilə görüş şərəfinə nail ola bilmir. İnsan nə qədər ki öz başına təvaf edir, o heyvaniyyət sərhədindən çıxa bilməyib. Gecə yatanda, səhərdən axşama qədər etdiyimiz əməlləri təhlil edək. Hər birinin içindən ‘mən’ çıxırsa, deməli biz heç nə əldə etmədik həmin gün. Hər bir əməlimizin mərkəzində ‘mən’ dayanırsa, özümüz üçün əməl ediriksə, deməli biz insanlığın zirvəsinə ucalmamışıq, o yolu getmirik.

İnsan başqalarına yandığı qədər dəyərlidir. Bir nəfər deyirdi ki, mən gedirdim… Ayətullah Kuhistanı vardı, zahid bir adam idi, alim idi. Deyirdi, gedirdim ondan mərifət əldə edim, onun yanına gedirdim. Yolda Şeyx Rəcəbəli Xəyyəti gördüm. Deyir, dedi hara gedirsən? Dedim gedirəm Ayətullah Kuhistanının yanına, mənə bir əməl öyrətsin, dua öyrətsin, zikr öyrətsin, hansısa əməllərlə məni tanış eləsin, istəyirəm ondan əxlaq öyrənəm, filan. Dedi ki, o sənə zahidlik dərsi verəcək, əlimdən yapışdı, gəl gedək mən sənə aşiqlik dərs öyrədim. Mən dedim, görəsən, hara aparır məni? Aşiqlik dərsi nədir? Deyir, mən də yola düşdüm, getdim. Getdik, getdik, gördüm bir daxmaya gəldi çıxdı. Gördüm ki, onlarla yoxsul insan yaşayır o daxmada, ehtiyaclı adam, kasıb, fəqir insan. Deyir, əlimdən tutdu, dedi ki, bunları təmin elə, ehtiyaclarını ödə, bu olacaq aşiqlik. Aşiqliyin yolu budur. O sənə zahidlik öyrədəcək idi, bu isə eşqin yoludur. Allaha gedən ən qısa, ən sürətli yol başqalarına yanmaqdır, başqalarına faydalı olmaqdır, insanlığa teşnə olmaqdır, aşiq olmaqdır.

Soruşdular, ya Rəsulallah, insanların ən abidi kimdir? Abid deyəndə, abid sözü übudiyyətdəndir, yəni bəndə, daha çox bəndə olan, daha çox abid olan. Soruşanda gözlədilər, cavab verəcək ki, məsələn, filan qədər namaz qılan, oruc tutan. Peyğəmbər cavab verdi ki, insanlara daha çox xidmət eləyən, daha çox abiddir. Übudiyyətin yolu, bəndəliyin yolu insanları sevməkdən keçir. Allah böyük insanları tərif edir, ən üstün insanı tərif edir Quranda Peyğəmbəri, buyurur ki, harisun aleykum. O sizə qarşı hərisdir. O insanlıq aşıqidir. O insanların dərdinin sinəsinə doldurub. onun ürəyi insanlıq eşqi ilə döyünür. Başqalarının dərdinə biganə deyil, canından keçməyə hazırdır insanlıq yolunda. La’allaka bakhi’un nafsak. Mən bunu oxuyanda, təəccüb eləyirəm Peyğəmbərin tərifində. Buyurur, o qədər yandın onlar üçün, o qədər ürək yandırdın ki, la’allaka bakhi’un nafsak, az qaldın özünü həlak eləyəsən insanların yolunda. Bizim Peyğəmbərimiz belə bir şəxsiyyətdir. Az qaldın özünü həlak edəsən. Nə qədər sən insanlara bağlısan, nə qədər sən insanları sevirsən. İnsanlara olan sevgisini vəsf eləyir Quranda Allah Peyğəmbərinin və bütün kamil insanların. Allaha gedən yol bundan keçir.

Xanım Fatımeyi Zəhra salamullah əleyha’nın gəlinlik köynəyini də başqasına verib yamaqlı paltarda bəy evinə gəlin köçməsidir. İnsanlığın yolu budur, təkamülün yolu budur. İnsan insanlara yana bilirsə insandır. İnsan başqalarının dərdini çəkə bilirsə insandır. İnsan hətta onun qarşısında dayananlara, ona pislik edənlərə, onu dəyərləndirməyənlərə, ona rişxənd edənlərə yana bilirsə insandır. İnsan odur ki, təmənnasiz bəşəriyyətə, başqalarına xidmət eləməyi bacarsın. Yorulmadan, çox sağol gözləmədən, təşəkkür gözləmədən. Xalis şəkildə başqalarına xidmət göstərsin. Bu, insanın insanlığının meyarıdır və belə insanların yaşayışı çox gözəl olur. Belə insanların həyatı çox şirin olur. Eqoist insan acı həyat yaşayır.

O insan ki, ancaq özünü düşünür, özü üçün yaşayır, onun həyatına bax. O insan ki, başqalarının dərdi ilə yaşayır, onun həyatına bax. Elə bir dünyada yaşayırıq ki, elə bir dəyərlər dünyaya hakimdir ki, ancaq mənfəəti tərif edirlər, mənfəəti təbliğ edirlər. Bugünkü dünyanın, həmişə mən demişəm, əxlaqsızlıqdan da böyük fəsadı budur ki, bu dünyanın dəyərlər sisteminin mərkəzində insanın mənafeyi, mənfəəti deyanır. Qərb dəyərlərinin ən mənfi cəhəti budur ki, hey deyir mən, mən, mən. Və ilahi dəyərlərin, buna alternativ olan ilahi dəyərlərin, qayəsi bu mən dairəsindən insanı çıxartmaqdır.

Həll edici döyüş bu döyüşdür. Bu döyüş tarixən gedib mənfəətpərəstlik ilə aşiqliyin davası olub, eqoistlik ilə fədakarlığın davası olub. İlk dava da bu olub və bu vaxta qədər də bu dava davam edib və indi gəlib həll edici mərhələyə yavaş yavaş daxil olur. Eşq məktəbi ilə, fədakarlıq məktəbi ilə mənfəətpərəstlik, eqoizm məktəbi arasında. Dava bunun davasıdır və İslam istəyir öz ardıcıllarını bu əhval ruhiyyədə yetişdirsin.

Və bu fədakarlığın ən böyük zirvəsi nədir? Bu fədakarlığın ən böyük zirvəsi şəhadətdir, şəhidlikdir. Şəhid varlığını bəxş edir insanlara, şəhid ona görə dəyərlidir. Biri malını verir, biri elmini verir, biri nəyindənsə keçir, şəhid varlığını xərcləyir insanlıq yolunda. Şəhid o qədər insan sevərdir. Şəhid xalqına, millətinə o qədər bağlıdır ki, arzulayır ki, canımı verim ki, bəlkə bu xalqıma, millətimə xidmət eləyim. Allah rzası üçün bunu eləyir. Şəhid mükafat güdmədən bu işi görür. Şəhidin dəyəri bundadır ki, varlığını hədiyyə eləyir insanlara. Şəhid ona görə… Ən üstün dərəcədir şəhidin dərəcəsi.

Ona görə şəhidə sual vermirlər. Çünki sual cavab nəyin əsasındadır? İnsanın günahının qaynağı mənfəətdirsə, şəhid ‘mən’ bütünü sındırıb, ‘mən’ dairəsindən çıxıb və tam azad olub deyə şəhidə sorğu sual olunmur. Şəhid qanı ilə sübut eləyib ki, o özündən keçə bilib. Şəhid insanlıq aşiqidir, şəhidin dəyəri bundadır. Şəhid insanlığı çox sevir, o qədər sevir ki, canını verməsə dincəlmir öz xalqının xoşbəxtliyi yolunda. Ona görə şəhid haqq qoyur hamının boynuna. Kim nə işlə məşğul olursa, nə iş görürsə, şəhidə borcudur, şəhidi unutmamalıdır.

Mən bu misalı çox demişəm, şəhid Mütəhəri də kitablarında yazır, şəhidi ancaq çırağa bənzətmək olar. Şəhid yanır, varlığını əridir ki, işıq verə bilsin başqalarına. Şəhidin hesabına hamımız diriyik, bunu yaddan çıxartmayaq. Mənim şüardan acığım gəlir, boğazdan yuxarı sözdən acığım gəlir. Özünüz məni tanıyırsınız. Mən bu sözləri şüar xatirinə demirəm. Bu, həqiqətdir. Biz şəhidlərimizi dəyərləndirək, şəhidlərimizin nurunu başımızın üzərində hiss eləyək ki, bir millət kimi millət olmağımızı, bütövlüyümüzü, kimliyimizi qoruyub saxlaya bilək. Övladlarımızı bu əhval ruhiyyədə tərbiyə eləyək ki, sən şəhidlərə borclusan. Şəhidin haqqı heç nə ilə ölçülməz. Şəhidlər xiyabanı bizim ən müqəddəs ziyarətgahlarımızdan biridir. Onlara dəyər verməliyik və şəhid bizim aşiqimizdir.

Mən bu ayəni, Yasin surəsindəkini, çox demişəm. Çox maraqlı ayədir. Şəhidin məntiqini izah edən ən gözəl ayələrdən biridir. Həbib Nəccar haqqında ayədir. Peyğəmbərləri müdafiə edən bir şəxsdir. Bir şəhər haqqında danışılır ki, onlar Peyğəmbərləri öldürmək istəyirdilər. Bu kişi tez özünü çatdırdı Peyğəmbərləri müdafiə etməyə. Və danışır Quran. Gözəl danışır o səhnəni, gözəl təsvir eləyir. Onlarla danışır, onu daşqalaq eləyib öldürürlər. Quran demir ki, onu öldürdülər. Quran onu öldürdülər sözünü işlətmir. Bəhsi yarımçıq saxlayır, birdən-birə deyir ki, qīladkhulil-jannah. Yəni ki, bu şəhid oldu, buna deyildi cənnətə daxil ol. Cənnət o gözəlliklə şəhidə təqdim olunur. Şəhid cənnətə qədəm qoyur. Şəhid cənnətə qədəm qoyur, cənnətə baxıb məftun olmur, özünü itirmir. Cənnət kimi böyük nemət ona təqdim olunur, görün o nə deyir? qīladkhulil-jannah, cənnətə daxil ol. Dərhal bunu deyir, qāla yā laita qaumī ya’lamụn. Kaş qövmüm bilə idi… Kaş qövmüm bilə idi ki, bimā gafara lī rabbī wa ja’alanī minal-mukramīn. Allah mənə nə məqam verdi. Necə məni əziz elədi. Şəhid cənnətə daxil olanda, arxada qalanların fikrindədir ki, məni daşlayıb öldürənlər, kaş bunu görərdilər, düz yola gələrdilər, onlara da bu nəsib olardı. Cənnəti də bölüşmək istəyir şəhid başqalarıyla. Şəhid o qədər insanları sevir ki, cənnətə də daxil olanda, deyir ki, kaş bu neməti də bölüşə bilərdim başqalarıyla.

Şəhid insanlıq aşiqidir, xalqın, millətinin aşiqidir və 20 yanvar şəhidləri də bunun bariz nümunəsidir. 20 yanvar şəhidləri… Mən bunu neçə dəfə müsahibələrdə də, çıxışlarda da demişəm, mən özüm yeniyetmə idim, gənc idim, 90-cı ildə məktəbli idim. Mən o dəfn mərasimində iştirak edirdim. O hadisələr bizim yaşadığımız evin ətrafında cərəyan edirdi. Orada insanların yalın əl ilə tankların üzərinə getməsinin şahidi olmuşam, şəxsən öz gözümlə. Hətta bir həddə qədər iştirak eləmişəm və arzu eləmişəm ki, orada olum. O zaman sadəcə yaşımız az olduğuna görə icazə verməyiblər deyə orada olabilməmişik həmin saatlərda. Axşam saatlərinə qədər orada olmuşuq, o Salyanski Kazarma deyilən bir yerdə idi və başqa o ərazilərdə idi. Və necə böyük bir qüdrətli dövlətin ordusu əli yalın xalqın üstünə yeridi və insanlar heyrət içində baxırdı ki, necə dinc insanları güllə atəşinə tutublar və bu həm də böyük bir imperiyanın rəzilliyini üzə çıxardı. Müqavimət göstərməklə bu imperiyanın ordusunun hətta xalqına güllə açacaq qədər rəzil olduğu üzə çıxdı. Şəhidlər öz müqaviməti ilə o imperiyanın alçaq sifətini üzə çıxardılar. Şəhidlərin xidmətlərindən biri də bu oldu ki, onlar sübut elədilər ki, bu xalqın ordusu deyil, xalqın dövləti deyil. Bunların şüarları, 70 il camaatın başını aldadırlarmış xalqdan dəm vurmaqla. Sən demə, bunlar öz xalqına güllə açacaq qədər namərd insanlardır. Bu quruluşun özünün mahiyyəti bundan ibarətdir. Onun o cinayətkar mahiyyətini şəhidlərimiz üzə çıxardılar və mənəvi baxımdan da o orduya qələbə çaldılar.

Həqiqətən də bu tarixi biz unutmamalıyıq. Doğrudan da əli yalın xalqın öz müstəqilliyi uğrunda gözünü qırpmadan canını fəda eləməsi dərsi Azərbaycanın yaxın tarixidir. Yaşlı insanlar görüb, gənclər görməyibsə də maraqlansınlar tariximizin o dövrü ilə. Və ondan bir il sonra Azərbaycan müstəqil oldu. Azərbaycan müstəqilliyini əldə elədi. Və mən, yadımdadır, inanın ki, bizə xulya kimi görünürdü. Mən hərdən fikirləşirdim ki, necə ola bilər ki, biz yaşadığımız bu dövlət bir gün müstəqil olsun. Bu bizim… Mən gənc idim, uşaq idim, arzum idi və yaşlı insanlar da bunun uğrunda 88-ci ildən Milli Azadlıq Hərəkatı başlandı və onun kulminasiya nöqtəsi 90-cı ilin yanvar hadisəsidir. Bir ildən sonra da Azərbaycan müstəqillik əldə elədi və dünyanın siyasi xəritəsində Azərbaycan adlı bir dövlət yarandı və bu böyük bir, bizim üçün, nemətdir. Çox xalqlar var ki, onların dövləti yoxdur. Azərbaycan xalqının müstəqil dövləti var.

Müstəqil dövlət bizim ən böyük nemətlərimizdən biridir və inanclı insanların ən böyük vəzifəsi budur ki, bu dövlətin, dövlətçiliyin, Azərbaycanın müstəqilliyinin keşiyində məhz inanclı insanlar dayanmalıdır və tarixəndə belə olur. İnanclı insanlar, dindar insanlar bu milləti, bu xalqı, bu dövləti, bu müstəqilliyi, azadlığı özünün ən böyük sərmayəsi hesab edir. Və bu ruhda tərbiyə olunmalıdırlar ki, bunun qorunması uğrunda heç bir tərəddüd etmədən canlarından keçməyə hazır olmalıdır. Azərbaycanın dövlət müstəqilliyinin ən böyük qarantı Azərbaycanın inanclı vətəndaşlarıdır ki, Azərbaycan əhalisinin böyük hissəsini təşkil edirlər. İnanclı insanlar üçün dövləti, vətəni, milləti qorumaq elə dini qorumaq anlamındadır. Bir xalqın bayrağı bugün ucalırsa, dövlətin bayrağı ucalırsa, bu Azərbaycan xalqının başının ucalığıdır və bu şəhadət tələblilik dərsini də 20 yanvar şəhidlərindən biz öyrənməliyik.

Mən ilk dəfə şəhid sözünü 20 yanvar şəhidlərinin dəfnində eşitdim və inanın ki, mən bilmirdim şəhid nədir. Dedilər ki, şəhid cənazələrinə yol verin. Yaşlı adamlar bəlkə də bilirdilər, mən gənc idim. Sovet dövründə də şəhid sözü işlənməzdi və mən orada gördüm ki, insanlar mərsiyə deyib sinə vururlar. Yəni, sanki bizim qan yaddaşımız oyanırdı, bizim milli, dini kimliyimiz özümüzdən asılı olmayaraq oyandı və o şəhidlər öz qanı ilə bizi özümüzə qaytardı, öz kimliyimizə qaytardı. Şəhidlərimizin ən böyük xidməti bu oldu və Allahdan onlara bugün rəhmət diləyirəm, Allahdan müstəqil dövlətimizin qorunmasını istəyirəm. Allah bayrağımızı uca eləsin, Allah bizim uğurumuzda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin və bu şəhadət məktəbindən ki, qaynağı, ən əsasını İslam bizə təqdim edir. Hacı Ruslana təşəkkür edirəm, gözəl Quran qiraət elədi, məclisin mənəvi fəzası çox gözəl idi. Bu ayələri oxudu Quranda, şəhidlik haqqında ayələr. İnsanın ruhu vəzzə gəlir ki, Quran necə ölümsüzlük bəxş edir o insanlara. Və ondan ilhamlanan İmam Hüseyn Kərbəla möcüzəsini yaratdı. Azərbaycan xalqı da həmişə Kərbəla məktəbinə bağlı olub və tarixinin ən həssas dönəmində də Kərbəla məktəbindən ilham alıb, onu əməli şəkildə ortaya qoyub. Onu mən 20 yanvar hadisəsində canlı şəkildə şahid oldum ki, insanlar İmam Hüseyni yad edirdilər, kütləvi şəkildə, gözümün qarşısında bu olub. O vaxtın qadağalarına baxmayaraq İmam Hüseyn məhəbbəti birdən zühur elədi. O ki deyir, harada bir şəhid gördünüz, məni yad edin, İmam Hüseyn deyir. Sən demə bu şüuraltıymış. Şəhid cənazəsi gələndə İmam Hüseynin məhəbbəti ruhun dərin qatlarından üzə çıxdı və biz öz kimliyimizə qayıtdıq. Və bu şəhadət məktəbinə bizim ehtiyacımız var, çünki bizim torpaqlarımız işğal altındadır. Allahdan arzu eləyirəm ki, Allah o günü necə müstəqil olduğumuz günü bizə göstərdi. Gənclər o günü görüb, bəziləri 90-dan sonra doğulublar, onlar görüblər, gözünü müstəqil dövlətdə açıblar, amma bu, keçmişdəkilərin arzusudur. Allah bu arzunun gerçəkləşməsini bizə nəsib elədisə, Allah qismət eləsin ki, torpaqlarımızın azad olduğu günü də görək, orada da inşallah qələbə günümüzü o işğaldan azad olunmuş torpaqlarda bayram edək inşallah. Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizi Kərbəla şəhidlərindən, bizi də şəhidlərimizdən kənara salmasın inşallah.

Auzubillah minashaitan nirajeem, bismillahirrahmanirrahim. Iza jaaa’a nasrul-laahi walfath Wa ra-aitan naasa yadkhuloona fee deenil laahi afwajaa Fasabbih bihamdi rabbika wastaghfirh, innahoo kaana tawwaaba Sadaqa Allaahu al-Azeem