Cümə xütbəsi - İlahi qaydalar - 5 (08.02.2019)


Assalamu aleykum va rahmatullah. Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Usikum və nəfsi bi təqvallah.

Həyata hakim olan ilahi qaydalardan danışırıq. Qeyd etdiyimiz kimi, insan həyatın qaydalarını bildikdə həm düzgün yaşayır, həm düzgün dindarlıq edir. Ona görə də dinlə tanış olmamışdan əvvəl, insan gərək həyatla tanış olsun, həyatın qaydalarını tanısın. Çünki həyatı tanımadıqda insan qarşılaşdığı çətinliklər zamanı, müxtəlif hadisələr zamanı, öz bilməməyini, məlumatsızlığını imanı vasitəsilə kompensasiya eləməyə çalışacaq. Hər şeyi öz imanının üzərinə yükləyəcək.

Həyatın xüsusiyyətlərindən danışdıq, qeyd elədik ki, həyatı tanıyarkən ilk olaraq həyatın müvəqqətliyini nəzər almalıyıq. Bilməliyik ki, biz müvəqqəti bir aləmdə yaşayırıq. Məsələn, biz bir yerə 2-3 günlük, 5 günlük səfərə gedəndə həmişə bizi müşaiyət edən bir müsafirlik hissi var. Hiss edirik ki, biz səfərdəyik. Bu hiss bizi səfər boyu tərk eləmir. Fikir vermisinizsə, səfərdə olduğumuz zaman hər an bu hiss bizi tərk etmir ki, biz səfərdəyik. Və ona uyğun da davranırıq. Bax, həmin hissin dünyada bizimlə olması lazımdır. Həmişə səfərdə olmaq əhval ruhiyyəsində. Müvəqqətilik bu dərəcədə canımıza hopmalıdır ki, bilməliyik ki, az müddət sonra ömür bitəcək. Biz səfərdəyik və qayıtmalıyıq, vətənimizə dönməliyik. Və səfərə uyğun davranmalıyıq, səfərdə olduğumuz kimi davranmalıyıq.

İkincisi, dedik, həyatın xüsusiyyəti imtahan olmasıdır onun. Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha saleh əməl sahibisiniz, daha yaxşı əməl sahibisiniz. Yəni, imtahan üçün yaratdı.

Çox uzatmadan, keçən dəfə danışdıqlarımıza toxunmadan, bir mövzuya da bugün toxunmaq istəyirəm. İmtahanın şərti budur ki, insan bilsin ki, yaşadığı dünyanın həm zahiri var, həm batini. Zahiri və batini var. Dünyanın bir görünən üzü var ki, onu hamı görür. Bir pərdə arxası var, həqiqəti var.

Allah Quranda kafirlərdən danışarkən buyurur ki, Ya’lamuna Zahiraan Mina Al-Hayaati Ad-Dunya Va Hum ‘Ani Al-‘Akhirati Hum Ghafiluna. Buyurur, onlar dünya həyatının zahirini görürlər ancaq. Onlar axirətdən xəbərsizdirlər. Yəni, dünyanın batin üzü, arxa üzü axirətdir, görünən üzü dünyadır. Deyir, onlar ancaq dünyanı görürlər. Axirətdən isə xəbərsizdirlər, bixəbərdirlər.

Yaxşı və pis insanları müxtəlif şəkildə tərif edə bilərik. Yaxşı insan kimdir, pis insan kimdir. Biri də budur ki, pis insan səthi insandır, yaxşı insan dərin insan. O adam ki, səthidir, zahirpərəstdir, o pis adamdır. Çünki Quran kafirlər üçün deyir, onlar zahirpərəstdir, zahiri görür. O kəslər ki, zahiri görür, zahirdən başqa heçnə görmür, onları Quran pis insanlar kateqoriyasına aid edir. O kəslər ki, dərindir, dərinliyə başvura bilir, onlar yaxşı adamlardır. Yaxşı və pisi ən müxtəlif şəkildə tərif etmək olar. Quran deyir, başqa canlılar kimidir, quzular, qoyunlar kimidir bunlar. Bu təhqir deyil, yəni eyni xüsusiyyətə malikdir. Onların da gördüyü tərəf zahirdir, bunların da gördüyü tərəf zahirdir. Pərdə arxasından xəbərsizdirlər.

Bu dünyanın pərdə arxası həmin o qeybdir və maraq bundadır ki, biz o qeyblə dünyadaykən tanış olaq, görünməyən tərəfə başvuraq. Həyat bunun üçündür. Ona görə Bəqərə Sürəsində birinci möminlər üçün deyir ki, müttəqilərin sifəti, Al-Lazina Yu’uminuna Bil-Ghaybi. Qeybə inanarlar. Pərdə arxasına inanarlar. Pərdə arxasını görərlər, tanıyarlar, dərk edərlər. Həyatı yaşayarkən ilk növbədə bir neçə şeydən sonra bunu bilmək lazımdır ki, divarın o tərəfi var. Görünənlər onun bir üzüdür, zahiridir. Arxada daha dərin aləm var. Hadisələrin surəti var, insanların surəti var, hər bir varlığın əsl surəti var, bərzəx var, qiyamət var, cənnət var, cəhənnəm var. Bunlar hamısı dünyanın dərin qatıdır. Biz elə bilirik dünya və axirət bir-birindən müstəqildir. Xeyr, dünyanın arxası bunlardır, pərdə arxası bunlardır.

Filan bəla nəyə görə gəldi, filan nemət nəyə görə gəldi, gizlidir. Allah məndən razıdır ya yox, batinə aiddir, gizlidir. Çünki şəffaflıq olmayan yerdə imtahan mümkün olur. Hər şey aşikardırsa imtahan olmaz. İmtahan gizliliklə əlaqəlidir, nəyisə bilməməklə əlaqəlidir. İmtahanın mənası olmaz hər şey açıb ortaya qoysalar. Gizli qalmalıdır.

Bəzi adamlar var istixarə ilə hər şeyi həll eləmək istəyir. Düşünməyin əvəzinə istixarə ilə. Deyir ki, istixarə elə görək filan şey necədir. Evlənməyə istixarə eləyir, yaxşı gəlir, sonra görür ki, problemlər çıxdı ortaya, heç bu mənə uyğun deyilmiş, heç tamamilə uyğun deyilmiş. Amma sən demə elə uyğun imiş. Allah milyonların içində birini seçib ki, sənin atanı yandırsın, səni adam eləsin. Ən uyğunu bu imiş. Sən uyğun buna deyirsən ki, nə istəyirsən, o sənə uyğunlaşsın. Uyğun başqa şeydir. Uyğun budur ki, səninlə onun arasında, sənin zəifliklərinlə o səni imtahan eləsin. Sənin içində bir boşluqlar var ki, elə həyat yoldaşıdır ki, məhz oradan vuracaq. Oradan səni imtahana çəkəcək.

İnsan özü-özündən xəbərsizdir, bilmir hansı xüsusiyyətləri var. İmtahanlar onu üzə çıxardır. Adamlar var e, rahat deyir ki, məndə filan xüsusiyyət yoxdur. Elə də rahat deyir ki, məndə filan şey, məndə həsəd yoxdur, məndə təkəbbür yoxdur. Amma görürsən ki, bir dənə hadisə gəldi, çıxdı ki, üzə çıxartdı. Özü-özündən adam gizlidir, özü-özündən xəbərsizdir. Bu, dünyanın xüsusiyyətidir. Dünyada biz pərdələnmiş bir aləmdə yaşayırıq, bunu unutmamalıyıq. Pərdələnmiş bir aləmdir. Müəmma olmalıdır ki, imtahan olsun. Hər hansı bir imtahanın əsas şərtlərindən biri müəmmadır ki, onu gərək həll eləyəsən. Yoxsa məsələni versin, həllini də versin, daha nə imtahan oldu? İmtahan elə odur ki, müəmma həll eləyəsən, qaranlıq tərəfləri həll eləyəsən.

Dünyada yaşayarkən ilk növbədə qəbul etməliyik ki, bu dünyanın bir gizli tərəfi var, pərdə arxası, və biz ondan xəbərsizik. Biz hey suallarla yaşamalıyıq. Görəsən Allah indi nə məsləhət görür, görəsən Allah məndən razıdır ya yox, görəsən Allah məni bağışladı, görəsən Allah mənim ibadətimi qəbul edir yoxsa yox, filan hadisənin hikməti nədir, filan hadisə hansı günahımın cəzasıdır… Hey suallar içində yaşamalıyıq.

Və elə həyatın gözəlliyi bundadır. Bu qaranlıqların içində yaşamaq sənə dəyər verir, bu müəmmaları açmaq sənə dəyər verir. Biz tələsirik ki, tez kimsə tapılsın, bizə yol göstərsin. Necə yol göstərsin? Bizi pərdə arxasından xəbərdar eləsin. Amma yox, bu mümkünsüz bir şeydir. Pərdəni kimsə çəksin, göstərsin, hər şeyi… Yox.

Biz gərək düşüncə ilə o pərdə arxasına tərəf gedək, düşüncə ilə. Allah bizə niyə düşüncəni verib? Ona görə ki, zahiri görüb düşünməklə onun arxada olan mənalarını tapaq. Bəsirət buna deyilir. Bəsirət budur ki, zahirdə ilişmə, təfəkkürlə, düşüncə ilə aləmin pərdə arxasını anla. Filan problem niyə mənim başıma gəlir? Tez gəlirlər özü də mənim kimi biçarə adamın yanına, elə bilir ki, mənim nəsə bir xəbərim var o tərəfdən. Deyir, görəsən, bu nədir? Mənə bir söz deyir, bilirəm bilirsiniz deyir, boynuma da qoyur. Mən də deyirəm, mən bilmirəm, mən o şeylərdən bilsəydim, özümə bir gün ağlayardım. Mən bilmirəm. Amma olur e, bəzən Allah bəzi mərifət sahiblərini… Onlar da bütün günü sənə qeybdən xəbər vermir. Bir dəfə ömründə, iki dəfə, görürsən, ömründə gələr, sənə düyününün səbəbini bildirər, müəmmanı açar.

Keçmişdə bunu sizə danışmışam ki, deyir, problemlərin içində idim, Şeyx Rəcəbəli Xəyyat da mərifət sahibi idi. Dedim ki, mənim müşküllərim həll olmur. Deyir, irsi böləndə sənin bacına az vermisən pay, onun ürəyi sınıb, onun ahıdır tutub səni. Razı salmasan, alınmayacaq. Deyir, hə, düz deyir, bilirəm ki belə olur. Amma ki, mən bilmirdim narazıdır. Sən demə ürəyində saxlayıb. Deyir, getdim, bir miqdar pul verdim ona. Razı qaldın, deyir bəli. Gəldim yanına, deyir yox, hələ o razı deyil. Deyir də, razıyam, razı deyil. Təzədən yenə getdim. Üç dəfə, deyir, getdim, ta razı saldım üç dəfədən sonra. Hə, baxdı, deyir, mənə dedi ki, hə, indi işlərin qaydasına düşəcək. Bu, bir dəfə olur. İki dəfə olur.

Yox, biz istəyirik, biri gəlsin, bizə oradan xəbər versin. Ona görə camaat falçılara gedir. Gedir ki, falçılar desin ki, açır kitabı, nə kitabdır o, Quranı, ya nəyi, oradan xəbər verir ki, məsələn, bir qadın var, sənə mane olur. Hamının yolunda bir qadın olmalıdır mütləq. Nə bilim, məsələn, qohumda filankəs var. Bundan istəyir o pərdə arxasından xəbərdar olsun, batil yollarla.

Bir alim deyir ki, gedirdim, gördüm, biri falçıdır, fala baxır küçədə. Var idi qabaq, indi azdır, küçədə gəlirdilər, əlini ver, baxım. Deyir, birinin əlindən tutub baxırdı. Danışırdı ona, belə olacaq, elə olacaq, axırın belə olacaq, filan olacaq, filan, səni qarşıdan nə gözləyir. Bu da ruhanidir, əmmamədə, dedi gətir, ver, dedi falçıya, mən də sənin falına baxım. Dedi ki, necə? Ver əlini ver, baxım. Deyir, hə, baxdım əlinə, dedim belə getsə 100% axırın cəhənnəmlikdir, belə getsə 100%, heç şübhə yoxdur. Yəni, mən də gələcəyi xəbər verə bilirəm.

Yəni, insanların bu şeylərə meyillənməsi, bu insanlara üz tutması tələskənlikdəndir ki, görüm pərdə arxasında nə var. Görüm nə xəbərlər var. Halbuki başa düşmür ki, həyatın mənası bundadır. Müəmmalar dünyasında yaşamalısan, müəmmaları düşünərək həll eləməlisən. Yavaş yavaş, düşüncə ilə, əməl ilə. Sonra görürsən Allah pərdədən bir küncünü açır sənin üçün. Yavaş yavaş görüsən, o aləmlə artıq təmasa girə bilirsən. Yavaş yavaş.

Mən hansı günahıma görə bu problemə düşmüşəm? Bilmirsən, deyir, bütün günahlarından istiğfar elə. İstiğfar elə hamısından. Bəlalar niyə görə gəlir, bilirsiniz? Bəlalar adamda təvazökarlıq halını yaratmaq üçün gəlir. Bəlaların fəlsəfəsi budur. Bəzi övliyalarda başqadır, ona toxunmuram. Əsasən bizim kimilər üçün bəla budur ki, biz cızığımızdan çıxırıq, bəla gəlir biz otuzdurur yerimizdə. Çünki cızıqdan çıxanda yolumuzu azırıq. Bizi otuzdurur yerimizdə, sındırmaq üçün yox, yerimizdə olaq gərək, təvazökarlıq halı olsun bəndə ilə Allah arasında ki, insan inkişaf edə bilsin.

İndi bəlanın yaratmaq istədiyi təvazökarlıq halını sən istiğfar ilə yarat. İstiğfar nədir? Tövbə. Tövbə nədir? Tövbə budur ki, etiraf eləyəsən. Özün gedəsən təvazökarcasına Allahın hüzurunda durub Allahla danışasan. Allah görəndə ki, sənin bəlayla yaranmalı olan hal səndə istiğfar ilə yarandı, deyər dəha bəlaya ehtiyac yoxdur. Düyünlərin çoxunu açır. Məqsəd bu idi ki, sən təvazökar hala düşəsən. Olur da elə, hər şey yaxşı gedir, inna alinsana layatgha an raahu istaghna. Neçə dəfə bunu istəyirəm ki, Quran-ı Kərimdə İqra surəsi, Ələq surəsi… İlk dəfədir Quran nazil olur. Peyğəmbərə deyir İqra, oxu, bismi rabbika lazi khalaq, səni yaradan Rəbbin adıyla. khalaqa l-insaana min `alaq, insanı ələqdən yaratdı, qan parçasından yaratdı və s. və s. və gəlir bu yerə çatmaq istəyir ki, birinci dəfədir Quranda, birinci dəfədir…

Allah insandan danışır. Necə tanıtdırır? Deyir, innal insaana layatghaa, ar-ra aahus taghnaa. Həqiqətən insan tüğyan edir özünü ehtiyacsız gördüyü zaman. Hər şey qaydasında olur, unudur ehtiyaclı olduğunu, başlayır tüğyan eləməyə. Əlac nədir? Bəlanı göndərir ki, otur yerində. ‘Otur yerində’nin neçə mənası ola bilər? Biri bizi alçaltmaq üçün yerimizdə otuzdurur, Allah bunun üçün eləmir. Allah görür ki, yerindən çıxanda, cızığından, bədbəxtliyə gedirsən, ona görə bəlayla səni tənzimləyir. Yerində oturtmaq bu anlamdadır.

İndi sən onun qabağını almaq üçün, o bəlanın, sən bilmirsən hansı günahına görədir. Deyir, otur, istiğfarla, Allahla otur danış. Təvazökarlıq halını tövbə halı ilə yarat. De ki, mən günahkaram, məni bağışla. Məni bağışla dedikcə, yavaş-yavaş o təkəbbür çıxsın, o təkəbbür kürəkdən çıxdı, bəlaların da çoxu sənin yolundan uzaqlaşacaq.

İnsan gərək düşüncə ilə, təfəkkür ilə bu yolu getsin, pərdə arxasını düşüncəsi ilə kəşf eləsin, ibadəti ilə kəşf eləsin. Yavaş-yavaş görürsən ki, Allah da başlayar səni agah eləməyə. Vattaqullah Vayu’allimukumullah. Təqvalı olun ki, Allah sizə müəllim olsun. Adam var e, danışır, deyirsən bunu kitabdan oxumayıb. Kitabdan oxumayıb. Hikmət danışır. Allah müəllimi olur bəzi insanın. Pərdənin arxasından xəbərlər verir ona. Doğrudan da görürsən, hikmət danışır, həqiqət danışır. Heç bir kitabda yazılmayan sözlər danışır.

Allah gizlədir hadisələrin hikmətini. Hansı günahıma görədir, bilmirsən, filan bəla. Otur, ümumi istiğfar elə. Bunlar hamısı qaydalardır. Sizə izah edirəm ki, həyatda gərəyiniz olar. Həyatın qaydalarıdır. İzah edirəm bir az iddialı çıxmasın, izah edirəm bəhrələnərək Qurandan, bəhrələnərək hədisdən. Mən bunu 100 dəfə sizə demişəm ki, mənim heç kəsə yol göstərmək səlahiyyətim yoxdur məndə. Onu özümə tanımıram, siz tanısanız da mən tanımıram. Mən özümə bu səlahiyyəti tanımıram ki, camaata deyim filan filan. Mən ancaq belə inamla danışıram ki, istinadım möhkəmdir, yoxsa ki, o istinad olmasa mən heç nə danışmaq səlahiyyətində deyiləm.

Bəlaların çoxunun hikmətini gizlədir, fəlsəfəsini gizlədir. İstiğfar elə çoxu çəkilsin. Bəziləri qalacaq bəlaların. Nə üçün? Sənin üçün bəzi yerlər hazırlanıb, ona bu bəlalarla çatmalısan. Necə ki, Peyğəmbər (s.ə.v.) İmam Hüseynə dedi ki, Allah cənnətdə sənə bir yer hazırlayıb ki, ancaq kərbəlayla, şəhid olmaqla o məqama gedib çata biləcəksən. Bəzi şeylər ona görə olur. Bunu təfəkkürlə kəşf eləyəsən gərək. Quranda nə qədər təkrar eləyir? Afalaa Tatafakkarun, məgər düşünməzlərmi, məgər düşünməzsinizmi? Hey, təkrar eləyir. Təfəkkür çox önəmlidir, düşüncə çox önəmlidir.

Hərdən istəyirəm deyəm ki, adam, məsələn, bir cümlə danışmaq icazə versələr, çıxar minbərə, deyər ki, hamınızı düşünməyə dəvət edirəm. Hamınızı düşünməyə dəvət edirəm, təfəkkürə dəvət edirəm. Allazina yadhkuruna Allaha qiyaman, va qu’udan. Bu, elə-belə adamlar deyil, bu, kimlərin xüsusiyyətidir, çox böyük adamların. Allazina yadhkuruna Allaha qiyaman, va qu’udan, va ‘ala cunubihim. O kəslər ki, ayaq üstə, oturan yerdə, uzanan yerdə Allahı yad edirlər. Va yatafakkaruna fi khalq as-samavati va al-arz. Yerlərin, göyün, göylərin, yerin, yaradılışı haqda təfəkkür edirlər. Bu təfəkkürün nəticəsi nədir? Rabbanaa maa khalaqta haaza baatilan. Sən bunu boş-boşuna yaratmamısan. Getdi məqsədə çıxdı. Düşüncə görün hara apardı.

Düşüncənin nəticəsi nə olur? Subhanaka, sən paksan. Faqina azaban-Naar. Bizi cəhənnəmdən xilas elə, bizi cəhənnəmdən qoru. Bu ayə… Bilirsiniz onun bariz nümunəsi kimdir? Peyğəmbər salavatullah Məkkədən çıxmışdı, Mədinəyə hicrət eləmişdi. Həzrəti Əli qalmışdı və ailəsini gətirirdi, qızı Həzrəti Zəhranı. Həzrəti Peyğəmbər yoldan narahat olur, nigaran qalır ki, görəsən, qızının vəziyyəti necədir, müşriklərin içində qalıb. Onda bu ayə nazil olur ki, Fatimeyi Zəhranın tərifindən, yəni nigaran qalma, o öz işindədir. Biri var, Allah mələk göndərər ki, narahat olma, ya Rəsulallah, Fatimə salamatdır. Biri də var ki, bu ayədir, Allazina yadhkuruna Allaha qiyaman, va qu’udan, va ‘ala cunubihim, va yatafakkaruna fi khalq as-samavati va al-arz. O bu saat zikir halındadır, təfəkkür halındadır, düşüncə halındadır. Xanım Zəhranın şəhadət gecəsidir də bu gecə, sabah şəhadət günüdür. Elə onun ərəfəsində yaxşı olur ki, bu ayəni, görün kimi vəsf eləyir. Düşüncə sahibi olaraq Həzrət Zəhranı tanıtdırır Allah Quranında.

Qul hal yastavil aama val basir, görənlə görməyən eynidirmi, afalaa Tatafakkarun, düşünməzsinizmi. Gəlməmisiniz gördüyünüzlə kifayətlənəsiniz. Möhtərəm qoyunlardan çox misallar çəkirəm söhbətlərimdə, ondan soruşasan ki, məsələn, bu yediyin ot haradan çıxır, necə çıxır, bilmir. Ot yazda çıxır, yazda bitir, yayda bitir, qışda bitir, bilmir. Bir ömür ot yiyir, onu da bilmir ki, necə yaranır, haradan yaranır, mənşəyi nədir, heç nədən xəbərsizdir. Allah Quranda deyir ki, sən özünü onların cərgəsinə qoşma. Onlar da gördüyüylə kifayətlənir, sən də. Sənə düşüncə vermişəm axı, sən get o sirrləri kəşf elə, aşkar elə, təfəkkürlə aşkar elə. Və hamıdan çox siz düşünməlisiniz, inanclı insanlar düşünməlidirlər.

Ən böyük səhvlərdən biri, bilirsiniz nədir? Ən böyük səhvlərdən biri budur ki, bəziləri elə zənn edir ki, din gəlir düşüncəni əvəz eləməyə. Qətiyyən belə deyil. Din gəlir düşünməyə şərait yaratmağa. Din gəlir düşüncəni azad eləməyə. Axşam əyyam məclisində dedim, yadınızdadır?! Din gəlir seçimə şərait yaratmaq üçün. Din gəlir düşüncəyə mane olan amilləri neytrallaşdırır ki, insan düşünə bilsin, düşünmə fürsəti verir. Dinlə dinsizliyin fərqi bundadır. Hay, küy, bax görsünüz dünyada informasiyanın çoxluğu nə üçündür? Onun üçündür ki, informasiya axınının qarşısında insan özünə gəlib düşünəmməsin, hey qəbul eləsin, qeyri iradi. Bu hamısı bunun üçün tənzimlənir. Kanallar çox, saytlar çox, xəbərlər müxtəlif, fasiləsiz, dinamik bir sistem qurur ki, insanlara fürsət verməsin ki, insan özünə gəlsin, düşünsün. Düşüncə fürsətini insandan almaq üçündür. Din isə gəlir ki, zəmin yaratsın insanlara düşünmək üçün.

Ən böyük adamlar niyə böyük oldular? Əbuzər Peyğəmbərin ən əziz səhabələrindən biridir. Hədisdə var ki, onun ibadətlərinin əksəri Allahın işləri haqqında düşünmək idi. Biz elə bilirik ancaq alını yerə vurmaqla olur. Bəli, səcdə dəyərlidir. Amma düşüncədən qaynaqlanan ibadət, düşüncədən qaynaqlanan emosiya, düşüncədən qaynaqlanan hissiyyat, bunlar faydalıdır, dəyərlidir. Bir alim danışır ki, Əllamə Bəhaəddini gəldi, ya bizə gəldi, ya mən onlara getdim. Deyir gecə göz qoydum ki, görüm, bu ki bu qədər məhşurdur, irfan sahibidir, arifdir, gecə görüm, buna göz qoyum, görüm bu nə qədər ibadət edir. Gördüm ki, iki rükət namaz qıldı, sübhə qədər başı aşağı düşündü, düşüncəyə daldı. Gördüm ki, bunun ibadəti çox müxtəsərdir, əsas işi düşünməkdir. İnsan düşünməklə çox yerlərə gedir çatır.

Düşünmənin mənəvi təsirinə də işarə eləyim. Düşünmə niyə dəyərlidir, neçə səbəbdən? Biri də buna görədir ki, sən bir şey haqda çox düşünürsənsə deməli onu dəyərləndirirsən. Allah da istəyir ki, onun haqqında düşünəsən, bu göstərir ki, sən onu dəyərləndirdin. Məsələn, bir dostumuz bizə mesaj yazır, ya zəng eləyir, deyirsən ki, elə indi səni düşünürdüm, xoşuna gəlir. Dəyir ki, mənə dəyər verir də. Ya məsələn, birdən yazırsan ki, birdən yadıma düşdün, sən haqda düşündüm. Düşünmək dəyər vermək deməkdir. Allah düşüncəyə niyə dəyər verir? Biz, bax, gün ərzində düşüncələrimizi incələsək, görərik ki, o şeylər haqda düşünürük ki, onlara əhəmiyyət veririk. Fikir verirsiniz?! Əhəmiyyətli şeylər, bizim üçün əhəmiyyətli olan şeylər haqda çox düşünürük. Allah da istəyir ki, onun haqqında düşünək, bu göstərir ki, biz ona dəyər veririk, əhəmiyyət veririk.

Allah bizi elə bir aləmdə yaradıb ki, müəmmalarla doludur və Allah istəyir ki, onun bəndələri mütəfəkkir olsunlar, xüsusən dindarlar. Düşüncəli olsunlar, bəsirətli olsunlar. Hər şeyin yerini sualla doldurmayın. Bəzi adamlar var ki, suala güc verir, bəzi adamlar var düşüncəyə. Görürsən ki, məndən hərdən bəzi suallar soruşurlar, mən deyirəm ki, bu elə məsələ deyil ki, məsələn, məlumata bağlı olsun. Bəzi yer var ki, bu elmə bağlı məsələdir, elmə bağlı. Bu, məlumat kimi düşünməklə bilməyəcəksən. Nəyinsə ölçüsüdür, məsələn, nəyinsə həcmidir. Dini suallar var ki, sırf elmə bağlıdır. Bunu başa düşdük, soruşursan, amma çox suallar ki, mənə ünvanlanır, görünür ki, adamlar düşünmək istəmir, düşüncənin əvəzində sual verir ki, başqası düşünüb onlara hazır cavab desin. Bu səhv yoldur, bu səhvdir. Mən də ona görə bəzən cavab vermirəm ki fikirləş, elə bilirlər ki, məsələn, mən yoruluram, ya onlara… Mən istəyirəm ki, qarşımda olan insan, bir şey ki, bir dəqiqə düşünməklə tapacaqsan, onu soruşma. Düşün hər tərəfli nəticəyə gəlməsən bir biləndən soruş, öyrən.

Əli əleyhissəlam buyurur ki, innama dunya muntaha basaril aama [TODO - Correction]. Buyurur ki, dünya kor adamın gördüyünün nəhayətidir. Yəni, ondan o yananı görmür. La yubsirun mimma varaaha shey’an [TODO - Correction]. Deyir, o, dünyadan başqa heç nəyi görmür. Heç nə görə bilmir. Qiyamətdə bizə açılacaq hər şeyin sirri, onu dünyada düşünməklə tapa bilirik ancaq. Dərhal tələsmək lazım deyil ki, qeybdən xəbər gəlsin.

Maidə surəsində İsa Peyğəmbərin həvariləri göydən deyirlər bizə süfrə gəlsin. Qeybi şəffaflaşdırmaq istəyirlər. Allah Qurani Kərimdə deyir ki, süfrəni göndərirəm, amma bir şərti var ki, əgər ondan sonra azğınlıq eləsələr, elə bir əzab verəcəm ki, heç kəsə verməmişəm. Yəni, işi asanlaşdırmayın. İşi asanlaşdırmayın, biri gəlsin mənə göstərsin. Özün gərək kəşf eləyəsən. Zəhmət çəkəsən ki, pərdəni çəksinlər gözünün qabağında. Va’bud rabbaka hatta ya’tiyakal yaqin. O qədər bəndə ol ki, yəqinə gedib çatasan. Müəmma ona görədir ki, təvəkkül eləyəsən. Hər şey şəffaf olsa, təvəkkülün mənası yoxdur. Qaranlıqdır, deyirsən Allaha təvəkkül, inşallah Allah kömək eləyər. Bu təvəkkülün mənası var, dəyəri var.

Ümumiyyətlə, mənəviyyat sözünün mənasını bilirsiniz? Mənəviyyat elə məna sözündəndir. Mənəviyyat, yəni məna, mənanı bilənlər. Mənəviyyatlı adamlar niyəsindən xəbərdar olanlardır. Quran məntiqinə bax, dindar - yəni dərin adam, dinsiz - yəni dayaz adam. Quranın tərifi belədir. Dindar insan - dərin insan, dinsiz insan - dayaz insan. Biz görürük axı mütəfəkkir ateistlər. Sən ona necə dayaz deyirsən? Bəli, bəziləri var ki, düşüncə istedadları var, Allah qabiliyyətlər verib, huşlu-başlı adamdır, zirək adamdır, iti düşüncəsi olan adamdır. Amma batini xarabdır, dünyaya bağlılıqları var. Bütün ağlını, öz səhvlərini teorizə eləməyə sərf eləyir. Ona görə görürsən ki, səhv-səhv işləri ağıllı-ağıllı şəkildə müdafiə eləyir. Belələri də var. Çox ağıllı danışır. Amma o qədər ki səthi aşağıdır mənəviyyatının, bütün əqli potensialını, öz səhvlərini teorizə eləməyə sərf eləyir. Onu da görürsən, ağıllı danışır baxsan, amma ateistdir, amma mütəfəkkirdi. Əslində, din… Bunu da dayaz hesab edir Allah Quranda. Yenə də dayazdır. Zahiri danışmaq səni aldatmasın.

Bir gün gələcək, buna mən əminəm, bir gün gələcək və dünyanın xoşbəxt günü o gün olacaq ki, Allahın dinində olanlar səviyyəli sayılacaq. Dindar deyəndə… Məsələn, hər bir sözün bir məna yükü var da, ustadın bir məna yükü var, ziyalının bir məna yükü var. Nəsə gözünün önündə canlanır. Gün gələcək ki, dindar deyəndə səviyyəli adam insanların gözünün önündə canlanacaq. Ağıllı, dərrakəli, zəkalı insan insanların gözünün önündə canlanacaq. Bir vaxt, və hələ indiyəcən bizdə də davam edir ki, səviyyəllilik ateizmə bərabəri idi, indi də bəzilərində belədir. Ona görə də qürurla deyir, mən ateistəm, yəni mən guya səviyyəliyəm. Belə hesab edir.

Bəziləri məsələn görürsən ki səviyyəliliyi nədə bilir, ‘izm’ləri öyrənməklə, yanyana düzməklə… Məsələn, deyir ekzistensializm, məsələn sekulyarizm, individualizm, belə belə, heç özü də bilmir bəzən mənaları nədir. O sözlər səviyyə əlaməti sayılır. Bir cümlədə ondan beşini işlədir, məsələn, qarşılıqlarını gedir öyrənir, o terminlərlə danışır. Və dini tənqid eləmək səviyyə sayılır bəzən, səviyyəllilik hesab olunur.

Bir gün gələcək ki, dindarlılıq şəxsiyyət və səviyyə sayılacaq, dinsizlik səviyyəsizlik sayılacaq. Tu’izzu bihal-islam va ahlaha [TODO -Correct]. İmam Zamanın dövlətindən danışır. Deyir din əhli, din və din əhli əziz olacaq, şəxsiyyətli olacaq. Ona görə də mən gənclərə tövsiyə edirəm ki, oxuyun, düşünün, öz üzərinizdə işləyin. Şəxsiyyət olun. Mübarizə aparın özünüzlə. Şəxsiyyət olun, vücudunuz sizin dini təbliğ eləsin, dinə dəvət eləsin. Stereotipləri dəyişin.

Allah bu dini ziyalılar üçün göndərib, əgər səviyyəsiz, şəxsiyyətsiz adamlar dinin içinə doluşubsa, dinin abrını aparırsa, bu bizim günahımızdır, hamımızın. İmkan verilməməlidir. O stereotipi həmin o dindarlar yaradır. Vay o gündən ki, din səviyyəsiz, şəxsiyyətsiz, uğursuz, biçarə adamların vasitəsi ilə tanınsın. İnanın, bəzi adamlarda belə təsəvvür var ki, hə, dolublar məscidə, nə üçün doluşublar məscidə? Ona görə ki, həyatda heç nə bacarmadılar, heç nə əldə eləmədilər, özlərinə sığınacaq dini tapdılar. Bu dindarın varlığı xəyanətdir dinə.

Hərdən bəzi yazışmaları oxuyuram mən, mən sosial şəbəkələri özüm də izləyirəm, baxıram gənclərin yazılarına, fikirlərinə. Cümləni qura bilmir, danışa bilmir, aqresiv danışır, qarşı tərəfin dəlillərini söyüşlə cavablandırır və dindar haqqında təsəvvür yaradır ki, qaragüruhçu, söyüşcül, səviyyəsiz, uğursuz adam nə iləsə kompensasiya eləməlidir bütün bu uğursuzluqlarını, bu qaragüruhluğunu gedir dinin içinə. Və təəssüf ki, çoxu bunların dinə pənah aparır, ki bir təhər mövcud ola bilsinlər. Çünki heç bir göstərcisi yoxdur özünün, heç nə ilə özünü həyatda təsdiq eləyə bilmir. Heç nə ilə. Nə insanlığı var, nə mədəniyyəti var, nə savadı var, nə intellekti var, heç nəyi yoxdur. Heç bir səviyyəsi yoxdur. Ən rahatı budur ki, saqqal buraxım, təsbeh əlimə götürürüm, desinlər, hacı gəldi, məşhədi gəldi, kərbəlayi gəldi, özümü bununla təsdiq eləyim. Beş nəfərin içində mən də hörmət sahibi olum.

Və inanın, mən görmüşəm, dinə sərt müxalif olan adamlar bilirsiniz haçan qıcıqlanır, səviyyəli dindar görəndə. Səviyyəli dindar görəndə görürsən ki, çıxdılar özündən, atıllar özünü ortaya. Mən özümü böyük bir adam saymıram, keçmişdə də demişəm, bir dəfə ‘hansı kitabları oxuyursunuz’, belə bir sorğu vardı. Orada oxuduğumuz kitabların adını qeyd eləmişdik, hamısı düşdülər ortaya ki, yox, inanmırıq, bu yalan deyir, bu kitabları dindar oxuyabilməz. Nə üçün? Çünki çörəyi əlindən alınır axı. Onun işi bundadır ki, məsxərə eləsin, ələ salsın.

O elə dini tənqid elədiyi kimi görmək istəyir. O istəyir din elə o təhqir elədiyi kimi olsun ki, bu təhqir eləsin, gün keçirsin. Hə, ələ salsın, gülsün. Bunun məqsədi budur və ən qorxduqları şey budur ki, bir dindar insan bunların təqdim elədiyi kimi olmasın. Əslində, onlar guya qaragüruhla mübarizə aparır. Xeyr, onlara qaragüruh lazımdır, onların xoşu gəlir ki, dindar elə o qaragüruhçu olsun. Onların səviyyəli dindardan xoşu gəlmir. Onlar dindarın səviyyəli olmasını istəmir, qəbul eləmir və bir səviyyə qoxusu, bir səviyyə görüntüsü görəndə elə əsəbləşirlər ki, yaxşı, sən ateistsən? Bir dindar nə kitab oxuyur, sən niyə belə düşdün ortaya, narahat oldun? Sənə nə dedilər? Bir adam deyir ki, mən bu kitabı oxumuşam, məsələn. Sən niyə əsəbləşirsən?

Hicab, namaz, məscid səviyyə əlaməti sayılmalıdır. Onda dinin haqqı ədə olunacaq. Onda din cəmiyyətdə lazım olan yeri tutacaq. Desin ata ana ki, övladın məscidə gedir, hə, onda universitetə qəbul olunacaq. Övladın məscidə gedir, onda ziyalı bir insan kimi formalaşacaq. Məscid də gərək görkəmini dəyişsin, mahiyyətini dəyişsin, bir elm mərkəzi olsun, mədəniyyət mərkəzi olsun. Məscidlərdə ziyalı insanlar formalaşsın, fədakar insanlar formalaşsın, mədəni insanlar, intellektual insanlar formalaşsın. Bunda deyərik ki, din çıxdı lazım olan səviyyəyə.

Dinin qəriblikdən çıxması bu dövrdə baş verəcək. Mən öz təcrübəmdən də deyə bilərəm ki, dərin adamlar daha yaxşı dindar olurlar. Dərin adamlar. Yəni, səthi adamlar, dayaz adamlara danışırsan, heç nə başa düşmür, sözün dərin qatlarına vara bilmir. Bu bir tendensiya halına düşməlidir. Yoxsa uğursuzlar, səviyyəsizlər dini gözdən salıb… Fikir vermişdiniz Sovet dövründə, məsələn, dindar obrazı nə idi?! Əvvəla bir məsxərə obyekti idi, qulağı tüklü qəribə belə adamların şəkilini çəkirdilər, molladır, dindardır, din xadimidir, qarnını güdən adamlar filan filan. Yaxud da avam adamlar, uşaqlığın son gecəsində namaz qılan bir dənə qoca avam arvaddır, tanışdı arvad, onun simasında… Cavan insan məscidə getsin, məsələn, dindar kimi görünsün, bu, mümkünsüz bir şeydir. Geridə qalmış, avam insan deyir dur azanı qoy mənimçün, o da orda mahnı qoyur, namaz qılır, məsələn, belə insanlar. Bugün də bu stereotip cəmiyyətdə var, bunu on illərlə formalaşdırıblar.

Mən sizə belə bir söz deyim ki, axirətdə mütəfəkkir, ziyalı, dərin, düşüncəli insanlar cənnət əhli olacaq. Ziyalı o adam deyil ki, elmlər doktoru olsun, çox kitab oxusun. Ziyalı o adamdır ki, dərinliyi olsun. Ziyalı o insandır. Ziyalı adlandırılan insan var ki, heç, belə deyək, qara qəpiyə dəyməz onun qiyməti. Qalstuk vurub, kostyum geyinib, belə, filan şəkildə gəzməklə, papqa qoltuğa vurmaqla adam ziyalı olmur. Ziyalılıq dərinlikdir, təfəkkür göstəricisidir, düşüncə dərinliyidir.

Sözümü bununla bitirirəm ki, biz müəmmalarla dolu aləmdə xəlq olunmuşuq ki, Allah bizim düşüncəmizi işə salsın ki, biz dərin, təfəkkürlü insanlar olaraq formalaşaq. Bunun üçün. Düşüncəmizi işə salaq, səviyyə əldə edək. İsa (ə.s.) deyir, qaçırdı… Bütün dövrlərin problemi budur. Həzrəti İsa ruhullah qaçır. Deyirlər ki, hara qaçırsan? Deyir, nadanın əlindən qaçıram. Ölümcül xəstələrə şəfa verdim. Hətta Allahın izni ilə ölüləri diriltdim. Nadanla bacarmadım ki, bacarmadım. Cahil ilə bacarmadım.

Vay o gündən cahil dindar ola. Vay o gündən öz cahilliyini hədislə, ayə ilə əsaslandıra. Onda heç kəs bacarmır. Aciz qalırsan. Bir söz deyirsən, 10 dənə hədis gətirir sənin qarşına o qoyur. Cahildir, cahilliyinə dində əsas axtarır tapır. Din bəsirətli adamındır. Din ağıllı adamındır. Dindən baş çıxardan adamlar düşünən adamlardır, ağıllı insanlardır.

İmam Sadiq (ə.s.) buyurur ki, axmaqla oturub durmaq axırda səni ona oxşadacaq. Axmaq adam o qədər pisdir ki, onunla oturub durma, o yoluxduracaq səni. Səni də axmaq eləyəcək. Səni də düşüncəsiz eləyəcək. Ona görə mən həmişə deyirəm, bəzən küçədə görürik, çox dəblə geyinən, məsələn, açıq saçıq geyinən, filan, bəzi cavanlar, gənclər var, onlara dinsiz adı qoymağa tələsməyin. İnanın, mən təcrübədə görmüşəm. Buna o qədər ki təlqin ediblər ki, səviyyəli olmaq üçün gərək belə olasan. Mən ateistəm deyir, mən filanam. Danışdırırsan, görürsən, Allaha da imanı var qəlbində, Peyğəmbərə də, Əhli Beytə də sevgisi var. Sadəcə olaraq, bu, səviyyəli görünmək istəyir deyə özünü bu görkəmə salır. Amma safdır görürsən, qəlbi təmizdir, ürəyi təmizdir.

O zaman biz uğur qazanarıq ki, bəli, bu, stereotipi kökündən dəyişək. Bunu siz eləməlisiniz. Burada oturan gənclər eləməlidir, burada oturan insanlar eləməlidir. Bu, stereotipi dəyişmək zaman tələb eləyir. Amma bunu mütləq eləmək lazımdır. Sözümüzün qısası, sözümü tamamladım artıq. Məqsəd bu idi ki, biz dünya həyatının qaydaları ilə tanış olduğumuz zaman bilməliyik ki, dünyanın bir zahiri var, bir batini var və biz batini düşüncə ilə kəşf etməliyik. Biz bilməliyik ki, hər bir hadisənin pərdə arxası var və Allah o müəmmaları ona görə qərar verib ki, biz yetkinləşək, pərdə arxasını kəşf edək. Ağılla, düşüncə ilə, zəkayla. Bu qədər, gələn həftə qismət olsa davam edərik.

Əuzu billəhi minəş-şeytanir-racim Bismillahirrahmanirrahim İnna a’tayna ke’l-kevser Fesalli li-Rabbike ve’nhar İnne şani’eke huve’l-ebter Sadaqa Allaahu al-‘Azeem.