Cümə xütbəsi - İlahi qaydalar - 1 (11.01.2019)
Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Usikum və nəfsi bi təqvallah. Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.
Bugündən yeni bir mövzu başlamaq istəyirəm. Keçən həftə, keçən həftələrdə ümumiyyətlə, axirət haqqında danışırdıq və bir çoxları da xahiş elədi ki, bu mövzu bir az da geniş olsun, uzansın, ətraflı danışılsın. Mən fikirləşdim ki, indiyəcən toxunduğumuz bir sıra mövzuları ümumiləşdirib yeni bir mövzu başlayaq. Bu mövzunun içində həm məad mövzular, həm, digər, indiyə qədər, müəyyən qədər yarımçıq toxunduğumuz mövzuları ümumiləşdirib bu mövzu başlığı altında danışa bilərik.
Bizim mövzumuz insan həyatına hakim olan ilahi qaydalardır. İlahi sünnətlər, ilahi qaydalar haqqında olacaq. Çox geniş mövzudur. Ola bilər ki, bu mövzu aylarla davam eləsin. Bugünkü söhbətimiz bu mövzuya müqəddimədir.
Doğru yaşamaq istəyən insan, doğru şəkildə bəndəlik eləmək istəyən insan ilk növbədə həyata hakim olan qaydaları, qanunları tanımalıdır. Varlıq aləminə və insan həyatına hakim olan qaydaları tanımadan yaşamaq praktiki olaraq mümkün deyil, lazımi səviyyədə yaşamaq. Necə ki, insan oyun qaydalarını bilmədən hər hansı bir oyunu oynaya bilməz, eləcə də, həyatın qaydaları var ki, onları öyrənmədən insan həm doğru yaşaya bilməz, həm doğru bəndəlik eləyə bilməz.
Elə bil, insan futbol meydançasına daxil olub, oynayır. Məsələn, qol vurur, deyirlər ki, offside-dan qol vurdun. O deyir ki, offside nədir, mən zəhmət çəkmişəm, topu almışam, qaçmışam, bu qədər əzliyyət çəkmişəm, topu da qapıya vurmuşam. Nə qədər əziyyət çəkmişəm mən. Deyərlər ki, sənin əziyyət çəkib çəkməməyin burada hesablanmır. Burada sən qaydanı pozmusan, bu da sayılmayacaq sənin topun. Get, oyun qaydalarını öyrən, sonra gələrsən, icazə verirlər, oynayarsan. Yaxud, məsələn, top yan xətdən çıxsın, oradan desin ki, mənə fərqi yoxdur, oradan vurmuşam, sayılmalıdır. Eyni ilə bəzi insanların həyatda davranışı bu şəkildədir. Həyatın qaydalarını bilmədən yaşayan insanın intizarları yanlış olur, bəndəliyi yanlış olur. Ümumiyyətlə, özünü toparlayıb, düz yaşayabilmir o insanlar.
Həyatın qayda qanunları var, onları öyrənmək və bilmək lazımdır. Fərz eləyin insan Allaha inanır, Allahı qəbul edir, iman sahibidir, amma həyat qaydalarını bilmir. Bu insanın həmişə Allahla və onun dini ilə problemləri olacaq. Həyatın qanunlarını tanımayan insanın dindarlığı naqis olacaq. İmanı olsa belə, həmişə Allahla münaqişədə olacaq qəlbində. Nəsə bir problemə düşəndə deyəcək, niyə axı mənim başıma gəlməlidir bu? Niyə mən bu çətinliyə düşməliyəm?
Həyatın qaydalarını bilsə, bilər ki, niyə axı sənin başına gəlməsin?! Bu sual daha doğru olar. Nə səbəbdən sənin başına gəlməsin?! Bu deyir, sən ölmə, mən ölməyim, bəs kim ölsün?! Heç kəs ölməsə, bəs kim ölsün?! Bəzi insanlar problem başına gələndə elə bilir ki, ancaq bunun üçündür bu. Niyə axı mənim başıma gəlir?! O, hamısı bilməməzliyin nəticəsidir.
İman təklikdə insanı idarə eləməyə kifayət eləmir. Ümumiyyətlə, mən bir söz deyim sizə, biz imanı lazım olduğundan çox yükləyirik. İman bu qədər yüklənməməlidir. Biz hər şeyi imanın üstünə yükləyirik. İmanın da bir ölçüsü var, bir çəkisi var, tutumu var. Həyatın qaydalarını bilmədən iman hesabına yaşamaq olmaz.
Biz bəzən bilməməyimizi imanla kompensasiya eləməyə çalışırıq. Bu çox mühüm nöqtədir, inanın. Bəzi şeylər var ki, imandan onu tələb eləmək lazım deyil. Doğru yanaşsan, öz-özünə həll olacaq. Biz çox bilmədiyimiz şeyləri ki, qaranlıqdır bizim üçün, imanın üzərinə yükləyirik deyə imanımızın gücü çatmır. Elə bilirik ki, bizim imanımız zəifdir. Zatən belə olmamalıdır ki, hər şeyi imanın üzərinə yükləyəsən, imandan intizarın olsun hər məsələ ilə bağlı.
Çox vaxt biz gəncləri nəsihət eləyirik ki, məsələn, imanlı ol, əxlaqlı ol, səbr elə, qiyamətdə əvəz verəcəklər. Amma həyat qaydalarını anlamadığı üçün sənin nəsihətlərin ona təsir göstərmir. Biz mücərrəd danışmaqdan qurtulmalıyıq nəhayət ki, praktiki şəkildə izah eləməliyik hər şeyi insanlara. Hər şeyi niyə insanların imanının üzərinə yükləyirsən? Sən həyatı başa sal, onun çətin hesab elədiyi asan gələcək ona. Bu qədər səbr, səbr deməyə ehtiyac olmayacaq. Onu təbii qəbul eləsə, bu qədər də sənin nəsihətinə ehtiyacı olmayacaq. Ancaq deyirik ki, axirət var, onun əməlinin əvəzi var, imtahanlarının əvəzi var. Səbr elə, səbr elə deməyin əvəzinə, bəzən sadə qanunları ona izah eləmək lazımdır. Ona qaranlıq gəlir və səbrin üzərinə yüklənir, və səbr də davam gətirmir.
Eyni ilə oyun qaydaları olduğu kimi həyatın da qaydaları var. Mömin olasan ya kafir, fərq eləməz. Dünya çətinliklər evidir, mömin olasan ya kafir, fərq eləməz. Dünyada qaranlıq anlaşılmaz mövzular var. İstəyir mömin olasan, istəyir kafir. Bunları bilsən, təbii gələcək sənə.
Tərbiyyə prosesində uşaqları həyata hazırlamaq lazımdır. Uşaqlara həyatın qaydalarını izah eləmək lazımdır. İnsanların dinlə probleminin bir çoxu… İnanın mənə, təcrübəmə inanın, qarşılaşıram mən insanlarla. insanların dinlə problemlərinin bir çoxu, həyatı və qanunlarını tanımamaqdan yaranır. Həyatı tanımamaqdan yaranır. Başa düşsə, bir çox çətin gələn şeylər rahat olar.
Biz hər çətinlik zamanı, hey iman, axirət, qiyamət, bu qədər yükləyirik, halbuki məsələlərin praktiki həlli var. İman hər bir halda insana kömək edir. Amma bildikdə daha az imanla çox çətinlikdən keçə bilirik, imanın az dərəcəsi ilə. Necə ki, məsələn, bir narahatçılıq insanın cismində yaranır, insan pis olur, narahat olur. Həkimə gedir, həkim deyir ki, təbidir bu yaşda. Vəssalam, bununla aram oldu. Deyib, bu yaşda bu şeyin olmağı təbiidir, özünü narahat eləmə. O kifayətdir ki, onu rahat eləsin. Bildi ki, bu təbiidir.
Həyat qaydaları da belədir. Bir hadisə baş verib, elə bilirsən nəsə olub. Əvvəldən bilsən ki, təbiidir, təbii də yanaşarsan. Əvvəldən başa düşsən ki, təbiidir. Hey imanımızla özümüzü səbrə vadar eləyirik. Bəzi yerlərdə bu qədər də təlaşa ehtiyac yoxdur. Əvvəldən bilsən ki, təbiidir, çox məsələlər həllini tapar. Necə təbiətin qayda qanunları var, həyatında qayda qanunları var.
Bir dəfə göstərdilər, mən sosial şəbəkələrdə baxırdım, bir uşaq idi, körpə, ilk dəfə qar görürdü. Görərdiniz ki, bilmirəm baxan olub ona, qar görürdü ilk dəfə. O, elə bilir ki, nəsə qeyri-adi bir şeydir. Sonra artıq biləcək ki, qışda qar yağar. Biz də əvvəldən başa düşməliyik ki, bax, bu hadisə olacaq. Qar necə təbiidir, sənin üçün o müəyyən hadisələr də, qaydaları bilsən, elə olacaq və sən təəccüblə baxmayacaqsan ki, nəsə hadisə baş verib, göydən axı şeylər tökülür yerə, ağ nədirsə. Uşaq qəribə təlaş içində baxır.
Həyatın da qayda qanunları belədir. Va man nu ammirhu nunakkishu fil-xalq. Qaydadır bu. Deyir kimə ömür versək, cismi əldən düşəcək. İstəyir peyğəmbər olasan, istəyir firon olasan, fərq eləmir. Bu, təbiətin qanunudur, həyatın qaydasıdır.
Qaydaları bilmək lazımdır və həm də qaydaları bəzən bilmək yox, tez tez yad eləmək də lazımdır. Qaydalar yada salınmalıdır. Bəzi əfsanələrdə var ki, fil saxlayan adamlar çəkiclə filin başına vura vura yol gedirlərmiş güya, məsələn, nə üçün? Filin yadına Hindistan düşməsin. Hindistan düşəndə darıxacaq, getməyəcək.
Biz insanlar bəzi şeyləri, bu qaydaları nəinki bilməliyik?! Bəzilərini təkrar-təkrar yada salmalıyıq. Nəyə görə? Çünki biz bəzən xoşlamadığımız şeyləri unutmağa meyillik. İnsanda belə bir psixoloji cəhət var. Bir şeyi ki, xoşlamırıq, istəyirik onu yaddan çıxardaq, unudaq. Vay o gündən insan bir şeyi istəmədi. Bir xəbər var, istəyir ki… istəmir onu doğru xəbər kimi qəbul eləsin. Bir məsələ var, deyir, istəmir o doğru olsun, düz olsun. Onu təkzib eləmək üçün nəzəriyyə beynində hazırdır. Yüz dənə dəlil gətirəcək, ağıllı-ağıllı danışacaq. Halbuki onun hamısını araşdırsan, görəcəksən, sadəcə bunun doğru olmağını istəmir, bir dənə nəzəriyyə,fəlsəfi düşüncə meydana gəlir bu istəyin nəticəsində.
Bütün bu… Çox insanlar deyir, mənim aləmimdə belədir, məncə belədir. Bu ‘məncə’ləri, ‘mənim aləmimdə’ləri araşdıranda görürsən ki, onun arxasında o ‘məncə’ fikir deyil, istəkdir, fikrə diktə eləyir. Qəbul etmək istəmir, ‘məncə’ yaranır. ‘Məncə’ üçün də yüz dənə dəlil düzəldir, bir aləm düzəldir. Çox insanların çox məsələlərə yanaşması budur. Ona görə deyir ki, bu qaydaları sən nəinki bilməlisən, həmişə yad eləməlisən. Çünki sənin xoşuna gəlməyən bəzi qaydalar var ki, onları unutmağa meyillisən. Yavaş-yavaş özün öz yalanına inanacaqsan, deyəcəksən belə bir şey yoxdur. Belə bir şey yoxdur.
Ona görə bizim mövzumuz… İnanın mənə, axırda inşallah səbrlə dinləsək, mənim sözümü təsdiq eləyəcəksiniz, görəcəksiniz ki, hamımız üçün çox faydalı məqamlar var bu mövzuda. Neçə mövzu var ki, o həyatda danışdığım mövzuların içində, məsələn, seçməli olsam onları seçərəm, biri də bu başladığımız mövzudur ki… Mən bunu öz danışdığıma görə demirəm, mövzu önəmlidir. Mövzunun önəmliliyini də indi yox, sonda dəqiq biləcəksiniz, görəcəksiniz, buna mənim şübhəm yoxdur.
Həyat qaydalarından danışacıq. Onun müxtəlif təsnifatları var, müxtəlif cəhətləri əhatə eləyir. Məsələn, ata-ana övladlarının yaşı ilə bağlı qaydaları bilməsə, düz tərbiyə eləyə bilmir. Deyir, uşaq mənimlə pis olub. Elə bilir ki, nəsə faciə baş verib, uşağın buna məhəbbəti azalıb. Amma bilsə ki, müəyyən yaşda uşaqda ictimailəşmə meyli yaranır, sosiallaşma. Bir qədər, necə ki, cücələr həmişə toyuğun yanında olmur, müstəqilləşir bir müddətdən sonra, insanda da bir yavaş-yavaş… Demirəm, ailə bağlarını tam kəsmək… Ailə bağlarından əlavə ictimai bağlar yaranır, çevrə istəyir, dost istəyir, müəyyən yaşda bu yaranır. Onda elə gəlir sənə ki, onun sənə məhəbbəti zəifliyib. Halbuki elə deyil, onu bilsən, orada həssas davranacaqsan, şəraitə uyğun davranacaqsan, bu bir qaydadır. Yəni, faciə baş verməyib. Bu müəyyən yaşın tələbidir, müəyyən yaşda bu baş verir. Uşaq görürsən, dosta, çevrəyə meyillənir, onun yaşları var, müəyyən qaydaları var.
Amma bunu bilməyəndə nə olur? Gəl mənim kimi birinin yanına, səbr elə, eybi yoxdur, Allah səni balanla imtahana çəkir, filan elə. Yenə yükləyir imanın üstünə hər şeyi. Ona da çətin olur. Nə qədər səbr eləyim?! Elə hər şey oldu, deyirsən, səbr elə, səbr elə. Amma başa düşsə, səbr eləyəcək yenə də, asan olacaq. Praqmatik yanaşacaq, həllini axtaracaq, optimal yollar tapacaq məsələlərinin həlli üçün. Çünki qaydanı bilir, yolu bilir.
Bu qədər də hər şeydə səbrə ehtiyac yoxdur ki, biz deyirik. Bilmirik məsələnin həllini, imanını yükləyirik. Allah var, qiyamət var, əvəz var, səbr elə, səbr elə, ümumi mücərrəd sözlər deyirik. Bu da bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, qırılır axırda, dözmür və davam gətirə bilmir. Cavan özü də bilməsə, özü də elə biləcək, ata-anasından bezib. Halbuki özünə də onu anlatmaq olar.
Bunlar hamısı vacib məsələlərdir. Biz insanlara yaşamaq qaydalarını izah etmirik, ilahi sünnətləri izah etmirik. Hey, onu nəsihət eləyirik, onu qorumaq istəyirik, hey, onu yükləyirik moizələrlə, nəsihətlə. Bu qaydalar ayə və hədislərdə deyilib, Quranda Allah bizə öyrədir, həyat da bizə bunu başa salır. Bu xütbələrdə mən o ayələrə də inşallah toxunacam, hədislərə də toxunacam. Və bu bizim imanımıza müsbət təsir göstərəcək inşallah, buna əminəm. İmanımız saflaşacaq, təmizlənəcək, bəsirətimiz çoxalacaq bu qaydaları bilməklə.
Qaydaları bilmədən imana sahib olmaq davaya səbəb olur Allahla. Çünki imanın hər şeyə gücü çatmır. Amma nə gözəldir, insan yolu bilə, Allahın qayda qanunu bilə və o şəkildə iman gətirə. Münasibətləri gözəl müstəvidə olur, düzgün münasibət qurulur Allahla.
Dualara baxın, necə gözəl məsumlarımız münacat eləyir Allahla. Və bu dualarda çox zaman qaydalardan danışırlar. Qaydaları bilərək münacat eləyəndə münacatın, ibadətin, duanın şirinliyi də başqa olur. Kumeyl duasında bir cümlə var. Ona biz qayda kimi baxmamışıq. Üstündən çox keçmişik. Həyat qanunundan danışır. Hamınız, əzbər, bəlkə də, çoxunuz bilirsiniz. Duada belə deyir, va-la yum-kinul-firaru min huku-mati. İlahi sənin hökumətindən qaçmaq mümkün deyil.
Sənin hökumətindən nə deməkdir? Hökumət nədir? Yəni Allahın qoyduğu qaydaların çərçivəsindən çıxmaq mümkünsüzdür. Əli (ə.s.) bunu başa düşür və duasında da Allaha deyir. Bu şəkildə münacat eləyir. Həyata qanunlar hakim eləmisən ki, o qanunlardan qaçmaq mümkün deyil. Qanunlar, yazılı qanunları demirəm ha. Biri var hökmlər, bunu elə… bir də var həyata hakim olan qanunlar, həyatın qaydaları, qanunları.
Qanunları bilərək Allaha təslim olmaq imanı xalisləşdirir, bəsirət verir insana. Yoxsa bunları bilmədən bəndəlik eləsən, həmişə ürəyində Allahdan narazlıq olacaq. Nə oldu, belə oldu, niyə belə oldu? Bu niyələrin həllini tapmadan, yaxşı dözərəm, dözərəm, dözərəm… sonra bu qədər dözmək nəticəsində elə bilirsən ki, böyük adamsan, çox mömünsən, başlayırsan özündən razı olmağa. Görürsünüz?! Qaydanı bilmədən ibadət eləyəndə, hər şeyi imanın üzərinə yükləyirsən… səbr eləyərəm, eləyərəm, sonra xeyli səbr eləmişəm… O bir türk ruhani danışırdı, o gün göstərdilər ki, ya Rəsulallah gör kim gəlib yanına. Yəni, o kəramət hesab edir, bəzi şeyləri. Avam adam olur, gəlir görür qapı öz-özünə açıldı aeroportda, kranta əlinə apar, görür su gəldi. Yavaş yavaş inanır ki, böyük adamdır. Axırda Mədinəyə çatanda deyir, ya Rəsulallah gör kim gəlib.
Biz də bu qədər səbr, səbr, səbr… bilmirik axı ki, bunlar təbii şeydir, buna bu qədər də səbr deyəndə ki, bu qaydadır, təbiidir, hamı üçündür. Amma yox, səbrin üzərində… sonra da deyirsən ki, mən böyük adamam, məğrur şəkildə Allaha ibadət eləyirsən, düzgün münasibət qura bilmirsən Allahla.
Qaydaları bilmək, sadə dildə desək, adamın ipini yığır. Çox da böyük adam deyilsən. Adi qayda qanunlardır, xüsusi bir şey deyil. Adam təvazökar olur. Bəndəliyin də birinci şərti təvazökarlıqdır.
Deyirsən ki… Bunlar hamısı qızıldan qiymətli sözlərdir. Mən bunların hamısını hədis və ayələrdən bəhrələnib demişəm, deyirəm. Bunlar çox dəyərli sözlərdir. Həyatda hamınıza kömək eləyər. Ağsaqqallar da ki, həyat görüblər, onlar da sözümü bir-bir təsdiq edə bilərlər, əgər təcrübələrindən yararlana biliblərsə.
Deyir ki, xoşuna gəlməyən hadisə baş verəndə, məsələn, özündən çıxma, əsəbləşmə, stresə düşmə, özünü itirmə. Deyir, niyə axı e, başıma pis iş gəlib. Biz nə cavab veririk? Səbr elə, qiyamət var, axirət var, döz, burada bir təhər döz, filan, filan, filan, bu şəkildə izah eləyirik.
Amma qaydaya əsasən bunu izah eləsən, necə olur?! Qaydaya əsasən bunu izah eləyirsən ki, qardaş, özündən çıxmaqla iş qabağa getməyəcək. Bildin? İşi daha da çətinə salacaqsan. Bu qaydadır. Bir çətinliklə qarşılaşanda, çətinlik nə qədər müsibətdirsə, sənin qeyri-adekvat reaksiyan ondan böyük müsibətdir. Özüvün işin baxımından, işin daha da çox dalana dirənəcək. Düyün açılmayacaq, nə üçün aparıb mücərrət iman anlayışının üstünə yıxırsan hər şeyi ki, döz, səbr elə, filan.
Praktiki olaraq başa sal ki, çətinlik zamanı ələyağını itirmək, çətinlik zamanı etiraz eləmək, hadisəyə hey deyinmək səni inkişafdan saxlayacaq. Bu qaydadır. Onda daha ağlına batacaq bu. Daha çox başa düşəcək. Amma belə deyəndə ki, səbr elə, səbr elə… Nə qədər axı e, nəyə səbr eləyim? Bizim elə alnımıza yazılıb ki, biz bədbəxt olaq ki, axirətdə xoşbəxt olaq?!
Bilmədiyimizi, bu cümləni yadda saxlayın, bilmədiyimiz həyat qaydaları haqqında, bilmədiyimizi imanımız vasitəsilə kompensasiya eləməyək. Bu, düzgün yol deyil. Bir alim deyir ki, gedirdik təbliğ eləməyə, getdik bir müctehidin yanına, müctehid bizi nəsihət elədi. İki cümlə dedi ki, camaatı Allaha doğru çağırın, özünüzə doğru çağırmayın. Aydın məsələdir. Ondan sonra bir cümlə dedi ki, bu qaydadır. Dedi, heç özünüzə doğru çağıra da bilməyəcəksiniz, dəvət eləyə də bilməyəcəksiniz. Bu da qayda. Yəni, bir ruhani, din xadimi danışığında məqsədi adamı özünə cəzb eləmək olsa, alınmayacaq. Qaydadır. Onsuz da alınmayacaq.
Onu bunu çaya dəvət eləməklə, onu bunu yeməyə dəvət eləməklə, onun bunun üzündən öpməklə, başına fırlanmaqla adam yığmaq olmaz. Cəzb eləməyəcəksən. Yolu deyil bu. Beş gün, üç gün gələcək… Cəzb eləməyin mənəvi fəzada qaydaları var. Qəşəng dedi ki, insanları Allaha çağırın, özünüzə yox. Özünüzə heç dəvət eləyə də bilməyəcəksiniz. Mən bura gəlsəm, məqsədim olsun ki, adamları özümə çəkim, alınmayacaq. Qaydadır bu. Alınmayacaq. Dəf eləyəcəm özümdən. Adamın üzünə gülməklə cəzb eləmək olsaydı nə vardı ki?! Elə deyil.
Sən Allaha doğru çağır, sənə də bağlansalar, dediyin sözə, tutduğun mövqəyə, həqiqətə görə bağlansınlar insanlar. Səni yəni sevsinlər. Məqsədin bu olmasın, seviləsən, sevilməyəsən. Görürsünüz, bir cümlə deyib, bizi nəsiyyət elədi. Dedi, insanları Allaha doğru çağırın, özünüzə doğru yox, onsuz da alınmayacaq. Alınmayacaq artıq qayda hissəsidir. Birincisi nəsihət idi, ikincisi qaydaydı. Qaydanı bilərəkdən eləyəndə daha rahat olur insana. Yoxsa ki, guya sən nədənsə keçdin?! Mən özümə doğru çağıra bilərdim, ilahi, amma bu kütlədən keçdim sənə görə… Başa düşdü ki, sən heçnədən keçmədin, onsuz da alınmayacaqdı. Qaydanı bilməklə görürsünüz ki, məsələyə yanaşma fərqli oldu.
Həyat qanunlarını bilməyimiz ilk növbədə imanımıza faydaldı. Bu, həm imansızlara lazımdır, həm imanın zirvəsində olanlara. İmansız adamı imana dəvət eləyəndə, mücərrət sözlər danışmayaq, qaydaları izah eləyək. Məsələn, ona deyək ki, günahla həyatdan ləzət ala bilməyəcəksən. Praktiki olaraq sübut eləyək. Bunun sübut eləmək yolları da var.
Qayda budur ki, insan günahla xoş yaşaya bilməyəcək, ləzzət ala bilməyəcək, həyatdan ləzət ala bilməyəcək. Amma biz necə deyirik? Biz deyirik ki, qiyamət var, orada cənnət var, burada bədbəxt ol, eybi yoxdur. Orada xoşbəxt olarsan. Amma belə başlayaq ki, sən nə üçün bu günahı eləyirsən, ləzzət almaq üçün. Mən sənə sübut eləyim ki, ala bilməyəcəksən. Bunu məntiqlə sübut eləyə bilsən və göstərə bilsən ki, axtardığın ləzzət, bax bu dinə əməl eləməkdədir… Maddi ləzzət də bundadır, başa düşürsünüz?!
Bir ruhani ilə danışırdıq, bir neçə nəfər də var idi bizdən, o maraqlı bir söz dedi. Bir günahkar adam… Həm o ruhanini tanıyırsınız, həm o adamı da bəlkə tanıyırsınız. Deyir mənə dedi ki, mən onun nəsihət eləyirdim ki, filan əməllə qurtar, bəsdir daha eləmə bunu. Deyir, mənə dedi ki, siz bədbəxt adamlarsınız, yazığım gəlir sizə. O filan şeyi eləyən vaxtda mənim aldığım ləzzəti bilsəniz ki, siz ondan məhrumsuz.
Mən haqq verirəm bütün bu sözü danışanlara. Əgər biz dinimizi yaşayaraq, həyatdan ondan artıq ləzzət ala bilmiriksə mən bütün günahkarlara haqq verirəm. Onların haqqı var bu iddiaları eləməyə. Deyin, mənə bir dəfə ömür verilib, mənim başımı moizələr ilə doldurma, mən ləzzət içində yaşamaq istəyirəm. Sən mənə düz yaşamaqdan danışırsan e, ağlım qəbul edir, amma axı bu içimdə bir istək var bunu neyləyim? Mən bir dəfə həyatı keyflə yaşamaq istəyirəm. Ona sən həm praktiki şəkildə, həm məntiqi şəkildə izah eləyə bilsən ki, axtardığın ləzzətə sən çata bilməyəcəksən… Bunu vallah sübut eləmək mümkündür və get gedə də asanlaşır. Və sübut eləsən ki, axtardığın ləzzət başqa şeydədir, o daha yaxşıdır, nəinki burada bədbəxt ol… Yenə də mücərrəd iman mövzuları, orada belə olacaq, burada belə olacaq, nisyə söhbətlərdirlər onun üçün, nisyədir. Bu imansızlar üçün bu mövzunun önəmi, imanlılar üçün necə?
İmanlılar üçün də həyat qaydalarını bildikcə imanları daha çoxalır və Allahla düz münasibət olur və ləzətləri daha da artır. Va maa ramaita iz ramaita wa laakinnal laaha ramaa, Allah Peyğəmbərinə deyir. Oxu sən atmırdın, Allah atırdı. Necə yəni, oxu mən atırdım axı. Deyir, yox, Allah atırdı. Bu bir qaydadır. Bunu başadüşsən…
Mən bunu həyatımda təcrübə eləmişəm. Bax, Allahı şahid gətirirəm, xüsusilə bu çıxışlara hazırlaşanda nəsə yazıram, görürəm ki, həm mən yazıram, həm mən yazmıram. Bu fikir mənim ağlımın məhsulu deyil. Bu sözün burada deyilməsi mənlik olan bir şey deyil. Sonra da elə bilirlər ki, filan kəs kəramətlidir, getdim ora, mənə lazım olan sözləri dedi. Məndə heç bir kəramət yoxdur, heç bir. Kəramətlə mən tam zidd qütbdə dayanırıq.
Amma bunu başa düşmək lazımdır ki, Allah deyir ki, mən eləyirəm. Sən ortada sadəcə götür qələmi əlinə, boynunaa düşən işləri gör. Sən amma onu eləmədin, onu mən sənin əlinə apardım, yazdım və dilinə mən gətirdim. Burada həm təlaş var, həm işin idarə olunması var. Bu qaydadır. Bu da möminlər üçün qaydadır, ilahi yolu gedənlər üçün qaydadır.
Hər bir oyunu başlamamışdan qabaq oyun qaydalarını bilmək necə şərtdirsə, həyatı yaşamamışdan, dinə gəlməmişdən qabaq həyat qaydalarını bilmək şərtdir. Gənclər ailə qurmamışdan əvvəl ailə nədir bilməlidir. Ailəyə hakim olan qanunlar, ilahi qanunlar… Yenə də deyirəm, mən hökmlərdən danışmıram, sən belə etməlisən, o belə etməlidir, yox… Zati qanunlar, ailə, ailəyə hakim olan qanunlar nədir onları bilməlidir. Hökmləri yox. Onda boşanmalar bu qədər olmaz.
Yersiz intizarlar, yersiz gözləntilər, həyatı tanımamağın nəticəsində adam özünü itirir həyatda. Bizim bir çox arzularımız var ki, heç vaxt ona çatmayacağıq. Qaydanı bilsək, heç nə arzu eləmərik. Arzu eləyirik, çatmırıq, stresə düşürük, sonra moizə, səbr filan filan filan… Nə boyda proses getdi bihudə. Nə boyda proses getdi. Bilsəydik, əvvəldən arzulamazdıq. Həyatın qanununu bilən adam çox şeyi heç arzulamır ki, sonra oxu daşa dəysin, sonra bir ruhani tapılsın, moizə eləsin, bu da yarı razı, yarı narazı, stresdən bir təhər çıxsın.
Bu streslər bilirsiniz üçün nə üçündür?! Qanunları bilmirik. Elə şeylər arzulayırıq ki, qaydanı bilsək arzulamarıq və nə qədər yükdən azad olarıq, bu qədər də əlavə üzücü prosesə ehtiyac olmaz. Qaydaları bilmirik, yersiz planlar çəkirik. Bir çox ixtilaflarımız adamlarla, ailələrdə, qaydaları bilməməyin nəticəsindədir. Reallıqla yox, xəyallarla yaşayırıq, gözləntilərimizi çox yuxarı aparırıq. Həyatın qaydası başqadır, doğrulmur, ixtilaf düşür, ayrılıq, boşanma və s.
Bura qədər danışdıqlarım müqəddimədir. Bir qayda deyim. Bir və o qaydadan istisna, onu deyim və sözümü tamamlayım. İlk məsələ nədir qaydalarla tanış olanda? Biləsən ki… Ilahi qanunların qaçılmazlığını biləsən. Yəni, bu qaydalar möhkəmdir və qaçılmazdır. Qaçılmazlığını biləsən.
Ayəsi nədir, Qurandan ayə deyim. Sunnatal laahi fil lazina khalav min qablu va lan tajida lisunnatil lahi tabdila. Peyğəmbərə deyir ki, ya Rəsulallah, bu keçmiş qövmlərə, və hamıya aid qaydalardır ki, Allahın qaydalarında dəyişiklik mümkünsüzdür. Hökmlər dəyişir, zamana uyğunlaşır. İlahi qaydalar var e, hansı qaydalar çərçivəsində insanlar yaşayır, onlar dəyişilməzdir.
Va lan tajida lisunnatillahi tabdila. Quranda çox yerdə var bu. Niyə bu qədər təkid eləyir? Allah deyir, qaydalar dəyişilməzdir. Niyə görə bu qədər təkid eləyir? Sənin müqəddəratın dəyişər, qaydalar dəyişməz. Nə üçün? Çünki biz cəhd eləyirik, biz insanlar o qaydaları dəyişək. Biz cəhd eləyirik, buna da cəhd eləyirik. Bəlkə bir dəfə mənim üçün dəyişdi. İnanın ki, bizim şüur altımızda belə bir düşüncə var ki, bəlkə bir dənə mən ölmədim. Gülməlidir, amma var. Adam özünü araşdırsa, bu inamı da çıxır. Yoxsa Allah deməzdi, Kullu nafsin zaikatul maut, hamı ölümü dadacaq. Məgər bilmirik, gündə bir cənazə… Hamı bilir axı ölüm var. Amma o qədər istəmirik ki, içimizdə özümüzdən xəbərsiz bir istək var ki, bəlkə məndən yan keçdi. Allah deyir ki, Kullu nafsin zaikatul maut, hamı ölümü dadacaq. Arxayın olun, mütləqdir bu.
Niyə deyir bildiyimiz şey? Bil, tanı, qorxma, biləcəksən bu hədiyyədir. Ölüm olmasa, bilirsiniz nə faciələr olardı?! Nə yaxşı ki bu ölüm var. Bir rakursdan baxanda görürsən ki, ölüm ən böyük hədiyədir. Adam əldən düşər e yaşamaqdan, bu elə bir dünyadır ki… yadınızdadı toy misalını… Hünərin var 5 il toyu elə, ki, axırda da söyərlər ki, a bala əl çək da, uşağının 5 yaşı var məsələn. Deyir, amma heyifdir də keçir, 3-4 saat… indi biz uzatmışıq 12yəcən, filanacan.
Amma istəsən də uzatmağı alınmır, heç tutumu yoxdur dünyanın. Ölüm bir rəhmətdir. Onu düzgün başa düşmürük, qaydanı, unuduruq, deyirik, bəlkə məndən yan keçdi… Heç kəs qəbul eləməz, deyəcək, kim deyir bəlkə məndən yan keçdi?! Amma deyirik. Deyirik e, içimizdə özümüzdən sirri hissələr var. Allah da deyir kullu nafsin zaikatul maut. Hamı ölümü dadacaq.
İnsanlar qaydaları qoyub xəyallarla yaşayır deyə problemləri yaranır. Özü ilə, dinlə, dostlarla, qohumlarla, ailə ilə, ətrafla, hər şeylə. Cəmiyyətə hakim olan qaydalar var, ilahi sünnətlər var ki, ictimai xadimlər o qaydaları bilməlidir ki, belə getsə nəticə belə olacaq, belə olsa nəticə belə olacaq.
İctimai proseslər ilahi qanunlarla idarə olunur, hamısı. Sizə bir qayda deyim, əməl və nəticə qaydası. Hər bir əməlin qaçılmaz nəticəsi var, bu qaydadır. Qaçılmaz nəticəsi var. Bunu bir haşiyə kimi deyirəm sadəcə, bəhsə şirinlik atmaq üçün. Deyirəm, gələcəkdə qayıdarıq. Əməl, bir dənə bir əməl elədin ha, yüzlərlə nəticələr doğurdu. Sən bir silsilənin içindəsən. Bunu elədinsə, bu nəticə, sonra bu nəticə. Bir silsilə var, müqəddərat sən üçün sona qədər, gedir. Dəyişilməz qaydalardır. Sən düşdün bir məngənənin içində ki, o xətlə hərəkət eləməlisən bir əməlin nəticəsində.
İndi burada tövbə nədir? Burada tövbə budur ki, Allah istisna qoyub qanununa. Sən tövbə eləməklə bu ki, bu əməlin nəticəsində, nə qədər şeylər səni gözləyirdi, onları neytrallaşdırıb başqa bir xəttə düşürsən. Yəni, Allah bütün varlıq aləminin düzənini sənin tövbənə görə dəyişir. Onda adam tövbənin qədərini bilir. Bəs dedin axı qaydalar dəyişilməzdir. Bəli, sən dəyişə bilməzsən, amma özü qoyduğu istisnalar ki var, o istisnalar heç. O da bir qaydadır. İstisna özü də bir qaydadır. Yəni, sən tövbə eləyəndə Allah nə qədər səbəb nəticələr səni gözləyirdi, dəyişdi, səni atdı başqa xəttə. Sən bilirsən neylədi sənin üçün? Onda sən necə halla tövbə eləyərsən, nə minnətdarlıq hissi ilə tövbə eləyərsən?
Ud uni astajib lakum. Bilirsiniz nə böyük sözdür? Çağırın, cavab verim. Yəni, mən bütün müqəddəratı, bu qaydalar ki, var idi, səni gözləyən şeyləri, 180 dərəcə dəyişirəm. Nə qədər sevinməlisən? Ona görə dalınca deyir ki, innallazina yastakbiruna an ibadati sayadkhuluna jahannama dakhirin. Kim ki mənə dua eləməkdən imtina eləsə, təkəbbür göstərsə, onu üzü qoyulu cəhənnəmə daxil olar o. Nə üçündür? Nəyə görədir? Çünki bu, böyük bir fürsət idi, sən dəyərləndirmədin.
Allah səni çağırır ki, gəl, varlığın müqəddəratına sən təsir qoy tövbənlə. Nə qədər hadisələr sənin üçün dəyişəcək, yəni varlıqda bir dəyişiklik yaradım, sənin bir istiğfarınla. Sən buna… bu fürsətdən istifadə eləməməyin təbii nəticəsidir. Bu da bir qaydadır ki, sən üz-üstə cəhənnəmə gedib düşərsən. Belə olanda adam bilir danışığını, sözünü, Allahla dualarını. Biz dualarımızı bilmirik, nə istəyək, necə istəyək, bilmirik, ona görə də qəbul olmur.
Bəlkə bunu bəhsə aid bilməyəcəksiniz, amma bunu deyim, sözümü tamamlayayım. Həzrət İsa ilə Allahın söhbətidir qiyamətdə. Yəni, görün, bəndə Allahla necə ədəbli danışar?! Bu, Allahı və qaydalarını tanımağın nəticəsidir. Deyir ki, vaiz qala Allahu ya İsa ibna Maryam aanta qulta lilnnasi ittakhizuni vaommiya ilahayni min duni Allahi. Ey İsa ibn-i Məryəm, sən camaata dedin ki, mənə və anama Allah kimi, Allahdan qeyrisi kimi ibadət edin, yəni, Allaha şərik qoşun mən və anamı?! Cavaba bax. Qalə, Subhanəkə. Dedi ki, İlahi sən paksan, münəzzəhsən. Ma yakunu li an aqula ma laysa li bihaqqin. Deyir, mənə yaraşmaz ki, mənim haqqım olmayan bir şey deyim. Demir, yox, mən deməmişim, belə demir.
Allahı tanıyan, Allahla münacatın necə nəyi danışmağı bilən insan, bax, belə danışır Allahla. Haqqım olmayan şeyi deyə bilmərəm. İn kuntu qultuhu, fəqəd əəlimtəh. Əgər desəydim, özüm bilərdim. Mən bunu desəydim, özüm bilərdim. Haqqım olmayan şeyi demərəm. Sonra deyir ki, taalamu ma fi nafsi vala aalamu ma fi nafsika innaka anta aallamu alghuyubi. Sən bilirsən mənim içimdə nə var. Mənim səndən xəbərim yoxdur. Sən qeyibdən xəbərdarsan. Sənin ancaq əmr etdiyini dedim camaata. Ondan sonra deyir ki, mən belə dedim. Dedim ki, ani abudullaha rabbi va rabbakum. Dedim, mənim və sizin rəbbinizə ibadət eləyin. Ondan sonra deyir ki, İntu azzibuhum, fə innəhum ibadük, və intəğfir ləhum, fə innəkə, əntəl azizül həkim. Deyir sən onlara əzab versən… Mən dedim ki, mənə ibadət eləməyin, Allaha ibadət eləyin. Bunlar mənə pərəstiş elədilər. İndi sən bunlara əzab versən, o sənin bəndələrindir, öz bəndələrindir. Onları bağışlasan, sən əziz və hikmət sahibisən.
Əllamə Təbatəbai deyir ki, niyə həzrəti İsa burada onlar üçün bağışlanmaq istəmədi? Deyir, istəsən əzab ver, istəsən bağışla. Deyir, ona görə ki, bu sual məqamı idi. İsadan sual soruşur, sualın içində nəsə istəmək ədəbsizlikdir. O, Allahla ünsiyyətin qaydasıdır. O, soruşur, bu da cavab verir. Peyğəmbərlər axı çox məhribandı, bütün peyğəmbərlər. Amma burada sual məqamı idi. Bunu nə üçün dedim? Buna görə dedim ki, Allahı tanıyan, qaydalarını tanıyan, necə danışmağı, nəyi necə deməyi, hansı şəkildə istəməyi bilər. Onda da görərsən ki, bir çox problemləri həll olar. Yoxsa deyir, mən istəyirəm, vermir. Nə oldu bu, belə oldu? Bilmirik, bilmirik, nə qayda tanıyırıq, nə qanun tanıyırıq və nəyi necə deməyi bilmirik.
Axır sözüm bu olsun. İnsan 3 cür Allah qarşısında kiçilə bilər. Ya günah vasitəsilə, günah adamı kiçildir, istiğfara insan gedir, peşmançılıq hissi. Ya bəla vasitəsilə, insanın ipi yığılır, zəlil olur, gedir Allaha tərəf. Və yaxud da qayda qanunların əzəməti. Mən xafə məqamə rəbbihi. Kim Allahın məqamından çəkinsə. Bu qaydaların əzəmətini görəndə bəndəlik əslində bu olmalıdır. Bu insanı təvazökarcasına boyun əyməyə vadar eliyir. Bu bəhsin bir xeyri olacaq ki, biz bu qaydaları tanımaqla düzgün bəndəlik eləməyin yolunu öyrənəcəyik. Bu qədər. İnşallah gələn həftə Allah qismət eləsə, mövzunu davam etdirərik.
Əuzu billəhi minəş-şeytanir-racim Bismillahirrahmanirrahim İnna a’tayna ke’l-kevser Fesalli li-Rabbike ve’nhar İnne şani’eke huve’l-ebter Sadaqa Allaahu al-‘Azeem.