Cümə xütbəsi - İlahi qaydalar - 2 (18.01.2019)


Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Usikum və nəfsi bi təqvallah. Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

Məhşur bir hədis var Həzrəti Əli əleyhissalamdan. Buyurur ki, Rəhimallah, imraan, alimə min əynə, və fi əynə, və ilə əyn [TODO-correction]. Allah rəhmət eləsin o kişiyə ki, bilir haradan gəlib, haradadır və hara gedəcək. Bizim mövzumuzu yadınıza salmaq istəyirəm. Mövzumuz həyat qaydaları, həyata hakim olan ilahi sünnətlər, həyata hakim olan ilahi qaydalar haqqındadır. Və bu hədisdə Əli (ə.s.) üç cür mərifətdən danışır. Biz ikinci haqda danışırıq. Haradan gəlmişəm ayrı bir mövzudur. Yaradılışın başlanğıcı. Allahdan gəlmişik. Hara gedəcəyik məaddır, o barədə danışdıq və bu mövzu əsnasında da danışacağıq. Və bunların ikisinin arasında haradayıq, dünyada.

Biz bu cümələr, inşallah qismət olsa, bu dünya həyatına hakim olan qaydalardan danışacağıq. Keçən həftə bu barədə müqəddimə danışdıq. Bugünkü bəhsimiz də qaydalara toxunmaq da olsa, bir qədər müqəddimə xarakteri daşıyır. Həyatı düz tanımadan qaydalarını da bilmək olmaz. Ona görə həyat nə üçündür, o haqda hələ danışırıq. Həyatın qaydalarının öyrənilməsi, həyata hakim olan qaydaları bilmək bizim işimizi asanlaşdırır. Keçən dəfə bu barədə danışdıq.

Biz çox zaman bilmədiyimizi imanımız hesabına kompensasiya eləməyə çalışırıq. Bu, yanlışdır. Bizim başımıza bəzi işlər gəlir ki, biz onun qaydasını bilsək, həyatın, biz tam normal qarşılayarıq. Bilmədiyimizdən hər şeyi imana və səbrə yükləyirik. İman və səbrin də bir qədər tutumu var. Sonra dözə bilmir, çatdıra bilmir və biz ya yoldan azırıq, ya hansısa bir daxili sarsıntılar keçiririk.

Biz öyrəşmişik insanlara ancaq nəsihət eləyək. Hər hansı bir çətinlik qarşısına çıxanda onun fəlsəfəsini izah etmək, onun səbəbini bilmək, həyatın qanunları kontekstində bütün bu hadisələri araşdırmaq əvəzinə biz elə mücərrəd iman üzərində bəhs aparırıq ki, səbr elə, Allah belə əvəz verəcək, filan eləcək. O qədər bu imanı yükləyirik ki, axırda dözmür. Və əslində bu iman zəifliyi deyil. Bu yanaşmaların səhv olmasının nəticəsidir ki, cahilliyimizi, bir daha deyirəm, imanla kompensasiya etməyə çalışırıq.

Biz bu hədisin vafi eynə hissəsini araşdırırıq. Rəhimallah, imraan, alimə min əynə, və fi əynə, və ilə əyn [TODO - correction]. Allah rəhmət etsin o kişiyə ki, bilir haradan gəlib, haradadır və hara gedəcək. Biz harada olduğumuzu bilmək istəyirik. Haradayıq, dünya nədir, ona hakim olan qaydalar nədən ibarətdir.

Yəni, biz elə bil ki, oyuna daxil olmuşuq ki, oyunun qaydalarını bilmədən oynamaq olmaz. Bir idmançı nə qədər güclü də, qüvvətli də olsa, qaydaları bilmədən uğur qazana bilməz. Və bəzən də, keçən dəfə o futboldan misal çəkdiyimiz kimi, məsələn, oyundan kənar vəziyyətdən topu vuracaq qapıya, qol sayılmayacaq, qaydanı bilməsə axı deyəcək mən əziyyət çəkmişəm, topu almışam, bu qədər yol gəlmişəm. Ona başa salacaqlar ki, bu oyunun qaydasını əvvəldən bilməli idin, oyunçusansa.

Biz də bu dünyada yaşayırıqsa, həyatın, bu oyunun qaydalarını bilməyimiz lazımdır ki, onu uğurla yaşaya bilək, müsbət nəticələrə çata bilək həyatımızda. İnsan həyatın qaydalarını bilsə, düz yaşasa, düz də bəndəlik eləyər. Bilirsiniz, bizim əsas problemimiz budur ki, biz həyatı bəndəlikdən ayırmışıq. Düz yaşamadan düz übudiyyət mümkün deyil, bəndəlik mümkün deyil, Allah yolunu doğru getmək mümkün deyil. Həyatı tanımadan bəndəlik eləmək də olmur. Bu, çox vacib mövzudur ona görə də.

Və hətta dindar olmayan insanlar üçün də mən düşünürəm, bu mövzu faydalı ola bilər. Çünki onlar da həyat yaşayır və həyata hakim olan dəyişilməz qaydalar var. O qaydaları insan bilsə, Allahı qəbul etməsə belə yararlana bilər. Yaxşı bir insan ola, pis bir insan ola, hamının dadına çatan bir mövzudur.

Məsələn, şeytan, iblis, biz onun haqqında həmişə danışırıq, ona lənət yağdırırıq. Amma onun uğur qazanmasının səbəblərindən biri və əsası həyatı tanımasıdır. Həyatın qaydalarını bilməsidir. O həyatı tanıyır. Həyata hakim olan qaydaları bilir deyə, uğur qazanır və bizi azdırır, bizi yoldan çıxara bilir. Yoldan çıxarmaq elə-belə təsadüfi bir şey deyil. Şeytan da mücərrəd, buyunuzlu, bir quyruqlu, bizim tanımadığımız sırf bu şəkildə olan bir varlıq deyil. Həyatşunas və insanşunasdır. Həyatı tanıyıb, insanı tanıyır deyə işində də uğur qazana bilir, müvəffəq ola bilir. O özü də bir işdir, onu da bacarmaq lazımdır.

Həyatın qaydaları haqqında bəhsimizi davam eləyirik. Bir ayəyə toxunacam ki, o ayəni mən çox demişəm. Əvvəldə yadınızdadır, keçən dəfə dedim ki, bu mövzunun içində təkrarlar olacaq. Çünki biz ayrı-ayrı mövzulara toxunuruq, belə bir qaydamız vardı. Sonra bir ümumi mövzu tapırıq, onun içində toxunduğumuz mövzuları bir-birinə əlaqələndiririk, ümumiləşdiririk. Ona görə də bu bəhsin içində də əvvəllər toxunduğumuz mövzular olacaq.

Bir ayə deyəcəm sizə ki, həyat haqqında zehniyyəti dəyişmək gücündədir bu ayə. Əvvəl ondan öncəki ayəni deyirəm, Mülk surəsidir. Tabaarakal lazi biyadihil mulku va huva alaa kulli shai-in qadir. Təbarəkdir, mübarəkdir o Allah ki, mülk onun əlindədir, yəni aləmin padşahıdır, sahibidir. Və o hər şəyə qadirdir. Belə başlanır. O, aləmin sahibidir, mülkün sahibi odur, varlığın sahibi odur. Və bu ayə bizim dediyimiz ayənin müqəddiməsidir, deyəcəyimiz ayənin müqəddiməsidir.

Allah ki, bu aləmin sahibidir, yiyəsidir, onu hansı qaydalarla idarə eləyir? Orada insan yaradıbdır. Allahın şah əsəri də insandır. Nədir, məqsəd nədir, bax, bu ayədən danışacağıq bugün. Axıra qədər bu ayənin ətrafında danışacağıq. Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Allah o kəsdi ki, ölüm və həyatı yaratdı. Niyə görə yaratdı? Ölüm və həyatı yaratdı. Nəyə görə? Sizi imtahan etmək üçün. Görsün ki, bilinsin ki, hansınız daha yaxşı əməl sahibisinizdir. Va huval azizul ghafur. O, əziz və bağışlayandır, qəfurdur.

Niyə əvvəl ölümü deyir? Həyat ölümdən əvvəl gəlir axı, deyir ölümü və həyatı yaratdı. O barədə bugün danışmayaq, vaxt olsa toxunarıq o mövzuya. Niyə əvvəl ölümü deyir, sonra həyatı? Allazi khalaqal mavta valhayaat. Ölüm və həyatı yaratdı.

İkinci məsələ budur ki, ölüm bir yaranmışdır. Ölümü, deyir, yaratdı. Ölüm bir həqiqətdir, bir varlıqdır. Ölüm yoxluq deyil, ölüm hal dəyişikliyidir, ölüm özü bir varlıqdır. O haqda da, bizim bəhsimiz o barədə deyil deyə, bunların üzərindən keçirəm. Çünki hərəsinin üzərində dayananda həmişə görürəm, vaxt bizə bəs eləmir, hava da soyuqdur. Baxdım, mən arzulayırdım ki, bugün bayırda adam olmasın ki, mən bir az rahat danışım. Yenə də mən pis mənada demirəm, yəni insanların əziyyət çəkməməsi üçün… Amma gördüm, insanlar dayanıb deyə məcbur oluram bir qədər yığcam danışım, o da hələ yığcam danışıram ki, bir az da yenə də uzun çəkir. Ona görə dayanmıram bu mövzunun da üzərində.

Burada bir nöqtə var, onu deyim. Biri var deyəsən, insanı filan şey üçün yaratdıq, biri var deyəsən ki, həyatı filan şey üçün yaratdıq. Bunlar fərqli məsələlərdir. Bir var sual olunur ki, bizi niyə yaradıb Allah? Biz insanları niyə yaradıb Allah? Bəzən də budur ki, sual belədir ki, bu dünya həyatını niyə yaradıb, bizi bura niyə göndərib? Bu iki fərqli məsələlərdir. Fərqli suallardır.

Bizi niyə yaradıb? Çox cavablar vermək olar. Xülasə budur ki, Allahla görüş üçün, özü ilə görüşmək üçün, liqa’ Allah üçün və Allahdan bu görüş nəticəsində ləzzət almaq üçün. Biz yaranmışıq ki, həmişə əbədi olan Allahla görüş halında olaq, əbədi, və ondan ləzzət alaq. Bu, insanın çata biləcəyi ən uca feyzdir, ən uca ləzzətdir. Biz bu ləzzət üçün yaradılmışıq, biz.

Amma bu həyat, dünya həyatı ki, biz buradayıq, o, biz niyə yaranmışıq sualı ilə fərqli sualdır. Axı, biz burada Allahla görüşmürük və biz burada əziyyət də çəkirik, çətinliyə də düşürük. Ona görə iki sual bir-birindən ayrılmalıdır. Həyat niyə yaranıb? Axı, bizim yerimiz bura deyil. Bizim bütün vücudumuz şəhadət verir ki, biz bura üçün yaranmamışıq. Özünü mütaliə eləsən görərsən, məad haqqında dəlil, axırət haqqında dəlil, o, aləm haqqında dəlil insanın özüdür. İnsan özünü vərəqləsə, görür ki, yox, mən bura üçün deyiləm. Bura mənim üçün deyil. İnsan bura üçün yaranmayıb.

Bəs bu aləmdə biz neyləyirik, axı? O, ikinci sualdır. Birinci sual, Allahla görüş üçün mən yaranmışam. İkinci, bu həyat niyə yaranıb? Ayədə də deyir ki, həyatı yaratdıq ki, sizi imtahan edək. İmtahan insanın yaradılış məqsədi deyil. Əgər insanın yaradılış məqsədi olsaydı imtahan, onda həmişə davam eləməli idi. Onda, biz, axirətdə də imtahan olmalıdır. İnsanı imtahan üçün yaratdıq, deməli, bu işinin gücünün adı imtahandır, həmişə imtahan olunmalıdır.

Xeyr! Deyir, həyatı imtahan üçün yaratdıq. Dünya həyatı imtahan üçündür. Və bu imtahan nəticəsində insan öz yaradılış hədəfinə gedir çatır. Ona görə də bir mənada desək ki, insan imtahan üçün yaranıb, səhv şeydir. Çünki insan yaranmayıb axı dünya üçün.

Dünya həyatı imtahan üçün yaranıb. İnsan Allahla görüş üçün yaranıb. Ona görə burada deyir ki, Allazi khalaqal mavta val hayaat, həyatı imtahan üçün yaratdıq. Aydın oldu da, yəqin ki, əlavə izaha ehtiyac yoxdur. İnsan yaradılışının məqsədi ilə həyatın yaradılışının məqsədi bir-biri ilə əlaqəli olsa da fərqli məsələlərdir. Ona görə biz həmişə sualı iki cür qoymalıyıq. Mən niyə yaranmışam və dünyada niyə yaranmışam? Bu, ayrı-ayrı məqsədlərdir. Amma bir-birini tamamlayır əlbəttə, bir-birini tamamlayır. Bir-biri ilə təbii ki, əlaqəlidir.

Allazi khalaqal mavta val hayaat. Həyatı niyə yaratdı? Liyabluvakum. Sizi imtahan etmək üçün. Bizim bu dünyada var olmağımızın fəlsəfəsi imtahandır. Biz imtahan olunmaqdayıq və başqa işimiz yoxdur. Bu həyatda nə varsa, imtahan gözü ilə baxmalıyıq. Nə görürük, nə hadisə baş verirsə, imtahandan başqa bir şey deyil.

Mən bunu keçmişdə də sizə demişəm. Biz səhv düşünürük. Deyirsən ki, qardaş, necəsən? Deyir, imtahandayam e, məsələn, filan-filan çətinliklərini başlayır saymağa. Bu elə başa düşür ki, imtahan ayrı-ayrı epizodik hallarıdır həyatın. Yox, xeyr, imtahan həyatın hər şeyidir. Hər anı imtahandır, hər anı. İmtahandan başqa bir şey yoxdur. Həyata ancaq imtahan eynəyiylə bax.

İmtahan xüsusi hadisələr deyil e, bütün hadisələrdir. İmtahan gözünü səhər açandan başlanır, axşam yatana qədər. Hətta deyərdim, müəyyən mənada, yuxuda da. Düzdür, ixtiyar insanın əlində olmur. Yəni, yuxu üçün də əməllər deyir. İnsan səhərdən gözünü açır, başına gələn kiçik və böyük hadisələr imtahan kontekstində baxılmalıdır. Heç bir şey imtahandan xaric deyil. Səhər durdum, məsələn, hansısa bir hadisə ilə rastlaşdım. Davamlı şəkildə… Məsələn, evdə çay qabağına gec gətirdilər. Uşaq, məsələn, qışqırdı, ağladı, narahat elədi. Evdən çıxdın, bir adam sənə salam verdi, bir adam sənə salam vermədi. Biri ilə rastlaşdın, sənə xoş söz dedi. Biri ilə rastlaşdın, sənə pis söz dedi. Hansı maşınla işə getdin, yolda nə hadisələr oldu. Heç nə imtahandan ayrı deyil. Hər şey, hər an insan imtahan olunmaqdadır.

İmtahandan başqa bir məqsəd yoxdur. Bu, bizim həyatımızın ilk öyrənməli olduğumuz qaydasıdır. Amma biz çox qəflət eləyirik bu mövzuda. Hadisələr bizi aparır, onun nə üçün olduğunu unuduruq, nə üçün olduğunu unuduruq. Hadisələrin içinə qərq oluruq. Hadisələrin əhəmiyyəti onun məqsədindən çox olur bizim üçün. Hadisə nə üçündür, onu, o haqda biz çox zaman düşünmürük.

Sən niyə evlənirsən? Imtahan olunmaq üçün. Biz deyirik ki, evlənirəm, bəli. Nə üçün? Nəsil artırmaq üçün. Xeyr, insan nəsil artırmaq üçün evlənmir. İnsan imtahan olunmaq üçün evlənir ki, o, prosesdə nəsil də artır. Bu, prosesin nəticəsidir. Sən ilk olaraq imtahan eynəyiylə baxmalısan, baxışı ilə baxmalısan evlənməyinə və hər bir şeyə, istisnasız hər bir şeyə. Çünki Allah demir biz sizi hərdən imtahan edərik. Deyib ki, biz sizi imtahan üçün yaratdıq həyatı. Demir həyatda hərdən imtahanlar olur. Həyat imtahandan ibarətdir. Həyat, yəni imtahan vəssəlam. Başqa bir adı yoxdur.

Sən gəlməmisən sırf övlad sahibi olasan. Sən gəlmisən övlad vasitəsilə imtahan olunasan. Sən gəlmisən iş vasitəsilə imtahan olunasan. Sən gəlmisən hər şey vasitəsilə imtahan olunasan. Dost vasitəsilə. Hər şey, hər şey, istisnasız hər şey. Sən gəlməmisən müstəqil olaraq əziyyət çəkməyə, müstəqil olaraq ləzzət almağa. Gəlmisən xoşa gələn və gəlməyən hadisələrlə imtahan olunmağa. Xoşa gələn hadisə imtahandır, gəlməyən hadisə də imtahandır. Var dövlət imtahandır, fəqirlik imtahandır. Səni tərifləyirlər imtahandır, tənqid eləyirlər imtahandır. imtahandır. imtahandır.

Heç bir şey imtahandan xaric deyil. Hər şey, həyat, imtahanla təfsir olunmalıdır. İndi futboldan misal çəkmişik… Gənclər çox olur da, bizim məclislərdə. indi futboldan da misal çəkək. Bir futbolçudur çıxıb meydana, deyirsən, ay bala, niyə çıxmısan bura? Heç saçımı düzəltmişəm, onu göstərməyə çıxmışam camaata. Yaxşı saçlarım var, camaat oynayır, bu saçını göstər kameranın qarşısında, məsələn. Deyərlər, ay bala, sən oynamağa gəlib çıxmısan bura. Oynaya, oynaya, indi bir az da hərdən bir kəlləmayallaq ol, nəsə bir özünü də göstər. Amma məqsəd oynamaqdır. Görmüsünüz ki, 11 nəfərdən başqa biri də olsun ki, bu, oynamağa gəlməyib?! Bu, özünü göstərməyə gəlib orada, kameraların qabağında?!

Belə deyil. Oyunçu oyuna daxil olub oynamaq üçün. Biz də bura gəlmişik imtahan üçün. Vəssalam. Vəssalam. Başqa bir şeylə fikrimizi qarışdırmayaq. Onda həyatı tanımaq fərqli olur, həyata yanaşmaq fərqli olur, başqa cür olur. Həyat bir fürsətdir çiçəklənmək üçün.

İmtahan nə üçündür? İmtahan daxildə olanları üzə çıxartmaq üçündür. İmtahan potensial olaraq daxildə olan istedadlar, gözəllikləri çiçəkləndirmək üçündür. İmtahan sözü gələndə stresə düşürük axı biz. Məna yükü bir az qorxuludur imtahanın. Biz imtahan üçün dərhal əlim…

Amma o ilahi imtahan bizim dünyada gördüyümüz imtahandan fərqlidir. İmtahan insanın çiçəklənməsi üçün yaradılan bir mühitdir. Belə tərif verək. İmtahan bahardır, yaz. İmtahan bahar deməkdir insan üçün. Yeni ildə yolka qururlar, miladi ildə, şam ağacı deyirlər də ona, yoxsa yox?! Yolka qururlar da. Yolka qurulur və ona kənardan oyuncaqlar asılır. Kənardan alınır, üstünə asılır.

Biz Azərbaycanlıların bayramı Novruzdur. Bizim bayramımız Novruzdur. Novruzun ondan fərqi budur ki, ağaclar özündən, içərdən çiçəklənir. Ona kənardan nəsə yapışdırmırsan. Ağac içində olan istedadı, çiçəklənmək istedadı üzə çıxır. Yarpaq, çiçək. Nəyin nəticəsində? Bahar. Bahar fəsli münbit bir mühitdir ki, o çiçəklənsin.

İmtahan insanın baharıdır. İmtahanın fəlsəfəsi budur. Ona görə stresə düşməyə ehtiyac yoxdur. İmtahan sındırmaq üçün deyil. İmtahan çiçəkləndirmək üçündür. Hər hansı bir hadisə, ətrafda olan hadisə, bir bahardır insan ruhu üçün. Mühit yaradır ki, hansısa hissə çiçəklənsin. Onu addadınsa, başqa bir imtahan gəlir, başqa bir istedad, yatmış istedad, oyansın, çiçəklənsin. İmtahana bu prizmadan yanaşaq, bu cəhətdən yanaşaq. Bizim Novruz bayramımız kimidir. Ağaclar üçün, təbiət üçün, o nədirsə, bahar, bizim üçün də imtahan odur.

İmtahan bizim ruhumuzun baharıdır. Hər an Allah hansısa bizim içimizdə olan xüsusiyyət üçün uyğun şərait yaradır hadisə vasitəsilə. O hadisə olur bahar. O istedad da, o mühitdə başlayır çiçəklənməyə. Hadisələr bundan ibarətdir, başqa bir şey deyil.

Hərdən biz deyirik ki, din budur ki, bizi filan xislətlərə çatdırsın, filan şeylərdən uzaqlaşdırsın. Biz elə bilirik, xaricdə yaxşılıqlar və pisliklər var. Biz onların bəzilərinə sahib olmalıyıq və bəzilərini özümüzdən dəf etməliyik. Belə deyil əslində. Din səndə olanı üzə çıxartmaq üçündür. Nə isə kənardan sənə təhvil etmir. Din içində olanları çiçəkləndirmək üçündür, üzə çıxartmaq üçündür. Bizim nəyimiz… Böyük adamlar var, övliyalar. Niyə həmişə Allaha borcludurlar? Deyirlər, mən heç nə hünər eləməmişəm. İçimdə nə var idi, indi mənim nəyim varsa, o əvvəldən var idi. Sadəcə Peyğəmbər gəlirdi ki, bu sandığın qapağını götür, ətir var içində. Onun ətrinin iyi çıxsın. Sən boş qab deyilsən, sənin içində gözəlliklər var. Sən gəlmisən içində olanı inkişaf etdirməyə, özün ol deyir din adama, özün ol, özün kimi ol.

Fitrat Allahillati fataran-nasi alaiha. İlahi fitrətdir bu. Sən gəlmisən artıq dolu halda. Səndə potensial bütün gözəlliklərin mədənisən sən. O gözəllikləri sən sıfırdan əldə etməməlisən, içində olanları üzə çıxardıb inkişaf etdirməlisən. Bax budur yaradılışın, dünyada yaranmağın fəlsəfəsi budur. Ona görə də övliyalar həmişə deyir ki, mən neyləmişəm, bütün gözəlliklər içimdə idi. Qapağı çəkmişəm vəssəlam. Qapağı çəkirsən, o başlayır üzə çıxmağa.

İmtahan budur ki, münbit şərait yaradır ki, içdə olanlar çiçəklənsin, üzə çıxsın. Ona görə stres yaratmır. Bahar adamda stress yaradır?! Yaradırsa nəsə xəstəlik var. Bahar şadlıq yaradır, sevinc yaradır insanda. Biz, belə olsa, belə yanaşsaq, hər bir hadisənin acı, şirin olmasından aslı olmayaraq, hadisəni sevərik. Çünki bilərik ki, bu hadisə hansısa daxilimdə yatmış istedadın çiçəklənməsi üçün münbit şəraitdən başqa bir şey deyil. Vəssəlam. Onda bizim üçün fərqi olmaz hadisə acıdır, yoxsa şirin. Heç bir fərq olmaz. Çox çətinliklər asan olar.

Yadınızdadır, məşqçi misalını mən çox demişəm sizə. Biri var ki, rəqib adamı vurur, biri var məşqçi adamı vurur. Rəqib zəif yerdən vurur səni məğlub eləmək üçün, məşqçi zəif yerdən vurur səni qalib eləmək üçün. Elədir?! Allah bizim zəifliklərimizi imtahanlar, hadisələr vasitəsilə vurur bizi qalib etmək üçün. Hər bir zərbəsi sevgidən doğur. Çünki məşqçi sevdiyindən vurur öz öyrətdiyi adamı. Ona görə ki, onu qalib eləsin.

Imtahanlar budur. İmtahanlara baxsanız, diqqətlə baxsanız, gün ərzində başınıza gələn hadisələrə baxsanız, görəcəksiniz, hər bir hadisənin, istisna eləmirəm, hər bir hadisənin içinizdə olan hansısa bir xüsusiyyətlə əlaqəsi var. Həyatı, bax, belə tənzimləyir. Ona görə adına Allah deyirlər. Hər bir adamla, təkbətək, hadisələri elə tənzimləyir ki, hamısı daxilinin hekayətidir. Hadisələrlə bir mütənasiblik var daxili aləm arasında.

Bəzən çətinliyi verir. Bu işin içində olan, hansısa bir guşəsində qəlbinin, bir istedad vardır, o hadisə vasitəsilə çiçəkləndi, vəssəlam, çətinliyi çəkir yolundan. Bəzən necə olur? Bəzən çətinlik çəkir ona görə ki, Allah deyir ki, mən bunu verirdim ki, bu istedadı üzə çıxartsın. Bu çətinlik vasitəsilə istedadı üzə çıxartmaq məharətini ortaya qoymadı. Mən neçə dənə sıxıntıya saldım ki, onun içində istedad var idi, o çiçəklənsin. Bu, heç bir nəticə çıxartmadı. Allah deyir ki, indi nə taqəti qalıb çətinliyə dözməyə, nə də o istedad çiçəkləndi. Çəkin bu çətinliyi, mələklərə, məsələn, deyir, sadə dil ilə deyirəm. Çəkin, qaldı da, indi, qaldı qiyamətə. Nəyi də içində saxladın, o tərəfdə düzəlir. O tərəfdə də çətin düzəlir. Ona görə hadisələr dərmanlardır, hadisələr münbit bir mühitdir bizim çiçəklənməyimiz üçün.

Bir nöqtə də var ayədə, bunu da deyib sözümü bitirəcəm. Amma bir cümlə ilə deyilməyəcək, bəhsin axırınacan bunun da üzərində dayanaq. İnsanın əsas məqsədi… İmtahanın, üzr istəyirəm… İmtahanın əsas məqsədi barədədir bu kəlmə. Kütləvi şəkildə insanlar bu məsələyə yanaşmada da səhv zehniyyətdədirlər, dindarlar da, qeyriləri də.

Camaat elə bilir ki, imtahan bunun üçündür ki, ya biz cənnətə gedək, ya cəhənnəmə. Elədir?! Hamını danışdırsan deyir imtahan nədir? Görək, kim cənnətə gedəcək, kim cəhənnəmə. Çoxu elə bilir ki, Allah insanı iki yol ayrıcında qoyub. Ya haqq yol gedəcəksən, ya batil yol. Çoxu belə başa düşür. Elə bilirlər ki, Allahın əsas sualı budur ki, üzr istəyirəm sizdən, alçaq olmaq istəyirsən, ya uca. Elə bilirlər ki, həyatın əsas sualı budur. Nədən yaranıb bu nəticə? Ondan yaranıb ki, Quran oxuyanda görürük ki, insanların bir dəstəsi cənnətə gedir, bir dəstəsi cəhənnəmə. Deyir yəqin ki, imtahan da bunun üçündür ki, ya adam cənnət yolunu seçsin, ya cəhənnəm yolunu. Elə bilir ki, biz cənnət cəhənnəm yolu adlı iki yol ayrıcındayıq. Amma Allahın əsas sualı bu deyil.

Allahın əsas sualı nədir? Yaradılışda əsas sual budur. Cənnətin harasını istəyirsən? Aşağı dərəcəsini ya yuxarı dərəcəsi? Mövzu cənnətdir, cəhənnəm deyil. Mövzu budur ki, sən nə qədər yaxşı olmaq istəyirsən? Yaxşı olmaq ki, sənə yaraşır, əyninə biçilib. Sən yaxşısan, gözəlliklərin mədənisən. İçində potensial olaraq bütün gözəlliklərin özəyi var. İndi sual budur ki, bu gözəllikləri nə qədər inkişaf etdirəcəksən? Hansı səviyyədə?

Pis olmaq ana mövzu deyil. Yaxşılığın hansı dərəcəsində çatmaq istəyirsən? Nə qədər yaxşı olmaq istəyirsən? Dünyanı yaradıb ki, cənnətin dərəcələri arasında seçim edək. Cənnətlə cəhənnəm arasında seçim yox. Bu da çox mühüm məsələdir. Həyat bir yarışdır. Əvvəldən deyir ki, hamı qazanacaq. Qaydası belədir. Bilmirəm indi dünya çempiyonatlarında necədir. Bütün iştirak edən komandalara nəsə verilir ya verilmir? Ancaq qaliblərə. Bir, iki, üçüncü yerlərə, elədir? Yoxsa pul mükafatı verilmir. Amma bu… hamısına verilir? bəli… Hamısına verilirsə elə, Allahın da imtahanı belədir.

Biz dünyaya gələndən artıq yarış iştirakçısıyıq. Sadəcə deyir, qızıl medal ala bilərsən, gümüş, bürünc və yaxud da son yerləri də tutsan, yenə də sənə nəsə mükafat veriləcək. Budur. Fəlsəfə budur. Məqsəd budur. Yoxsa belə müsabiqə deyil ki, kim qalib gəlsə, ona medal veriləcək, kim məğlub olsa, edam olunacaq. Bizim yanaşmamız budur. Ona görə biz stresslə dindarlıq eləyirik. Həmişə istəyirik başımızın üzərində dəyənək olsun, bu şəkildə də, həyacanlı şəkildə. Həyacan da mənfi mənada. Həyacanın müsbəti var, mənfisi var. Çünki biz cəhənnəmlə cənnət arasında qalmışıq.

Amma yarış şirin yarışdır. Əyləncədir başdan ayağa. Yüksəkdən daha yüksəyi seçmək üçündür. Hansı ev sahibi qonağına deyər ki, xoş gəlmişsən, buyur içəri. Nə içəcəksən? Sok, şirə içəcəksən, yoxsa zəhər? Gətirir qoyur qabağına. Bu zəhərdir, ağlınla seç bunu. Deyərsən, məni təhqir edirsən? Buna ağıl lazımdır ki, zəhəri seçim gəl…

Qonağı belə qarşılayarlar ki, növbənöv şirələri qoyarlar. Deyər, bu alma şirəsi, bu, məsələn, nar şirəsi, bu gilas şirəsi, kompotu və s. Seçim elə hansı daha yaxşıdır. Qonağı belə qarşılayarlar. Bu sözümə dəlil nədir? Özümdən danışıram bunu?! Yox, ayənin mətnindədir bu. Liyabluvakum ayyukum ahsanu amala. Sizi imtahan etsin, görsün, hansınız daha yaxşı əməl sahibisiniz. Cəhənnəmdən danışan var? Kim yaxşıdır ya kim pisdir deyir? Yox. ayyukum ahsanu amala. Hansınız daha yaxşısınız? Mövzu yaxşılıqdır. Görürsünüz, mən ayəyə istinad edib bunu danışıram. Və bu, çox ciddi şəkildə bizim zehniyyətimizi dəyişir, məsələ ilə bağlı yanaşmamızı dəyişir.

Bir hotelə gətirib, hoteli göstərirlər adama, deyirlər hansı otağı seçirsən? Bu dənizə açılır, bu meşəyə açılır, bu hər ikisinə açılır. Sən deyirsən, mənə göstər görüm, qazanxana hardadır, zirzəmi. Deyirlər, ay bala, o qalmaq üçün deyil. Deyir, yox, mən istəyirəm orada qalım. Bax cəhənnəm o zirzəmidir. Onu təklif eləmirlər. İnsan ağlını itirir, gedir ona tərəf.

Yaxud da, yenə də həmin o qonaqlıq misalını deyəsən, sənin qabağına yeməklər, növbə növ, şirələr qoyublar, təklif eləyirlər. Sən deyirsən, oradakı nədir o? Deyir, o siçan gəlir evə, o zəhəridir. Deyirsən, yox, mən ondan istəyirəm. Cəhənnəm seçimi budur. Vallahi ki, budur. Həqiqət budur. Cəhənnəm seçimi budur. Bu seçim ana mövzusu deyil yaradılışın. İnsan pak fitrətlə, ilahi fitrətlə dünyaya gəlir, gözəlliklər arasında seçmək üçün. Cəhənnəm mövzusu yoxdur ortada.

Bəs cəhənnəmi nə yaradır? Bu seçimi etmək üçün azadlıq lazımdır. Azadlıq istər istəməz cəhənnəmi də yaradır. Azadlıq bunun üçün idi ki, yaxşıdan daha yaxşını seçəsən. Amma azadlıq varsa, sui-istifadə də var. Sui-istifadə cəhənnəmi yaradır. Bu, sonradan yaranan bir şeydir. İlkin hədəf deyil.

Bəs niyə çox danışır Quranda cəhənnəmdən? Heç nə, məhəbbətindən danışır. Hər şey qaydasındadır evdən çıxırsan, ana deyir ki, diqqətli ol. Deyirsən, bura düşürəm e, çörək almağa. Yüz dəfə deyir, diqqətli ol. Diqqətli olmalıq bir şey yoxdur. Yenə də deyir, diqqətli ol.Küçəyə çıxırsan ehtiyatlı ol. Sevgidən deyir. Allahın cəhənnəm haqda danışığı sevgisindəndir.

Uşaq samovara, nə bilim mən, çaynikə yaxınlaşanda, oda yaxınlaşanda ana fəryad eləyir. Amma toyunda qışqırmır ki. Toyunda şaddır. Amma burada fəryad eləyir. Nə üçün? Sevgidəndir. Sevgi fəryadıdır cəhənnəm haqda ayələr. Ki, yaxınlaşmayın ona. O, sizlik deyil. Sizə aid deyil.

İndi görün, biz nə günə düşmüşük ki, deyirik ki cəhənnəmə getməyim, fərqi yoxdur, cənnətin harası olur olsun. Bu adamın ruhu nə günə qalıb ki, bu düşüncədədir. Minimalist olub bu qədər, minimum düşünür. Fastabiqul Khairat. Ayələr hamısı bu məzmundadır. Xeyir işlərdə müsabiqəyə çağırır, deyir bir-birinizi qabaqlayın xeyir işlərdə. Şərdən danışmır.

Sənin ruhunu kim bu günə qoyub ki, dəyirsən, cəhənnəmlə cənnətin sərhəddində qalmışam, dinin də abrını aparırsan. Dinə ən böyük zərbə bu minimum dindarlıqdır. Cəhənnəmə getməyim bəsdir. Onlar da deyir ki, qardaş, bu günahlar ki, sən deyirsən, bunları tərk eləmək, mən onu dinsiz də eləyə bilirəm, əxlaqla da tənzimləyə bilirəm, qanunla da bir çoxunu tənzimləyə bilirəm. Qərar oğurluq eləməkdirsə, məsələn, yaponlar oğuluruq eləmir, filan-filan şeylər eləmir. Bir az da inkişaf eləyərik, məsələn…

Bu şeylərdən ki, sən din vasitəsilə çəkinmək istəyirsən, sənin son məqsədin budur ki, sən oğru olmayasan, narkoman olmayasan, filan olmayasan, onun üçün heç din lazım deyil. Ona görə də cəzb eləmir bizim dindarlığımız başqalarını. Çünki biz daha xeyirli, o cazibəli oyun var, müsabiqə, biz ona daxil olmamışıq. Biz qalmışıq cəzayla mükafat arasında.

Amma Allah deyir, ayyukum ahsanu amala. Kim daha yaxşı əməl sahibidir. Allah deyir seçim elə, gör Əmmar olmaq istəyirsən, Miqdad olmaq istəyirsən, Salman olmaq istəyirsən. Sən Əbuzər olsan böyük məqamdasan amma, Salmanla müqayisədə çox aşağısan. Salman olsan böyük məqamdasan, amma Əli əleyhissəlamla müqayisədə çox aşağısan. Hərdən bizə deyirlər ki siz Əli əleyhissəlamı Peyğəmbər (s.ə.v.)dan daha çox şişirdirsiniz. Amma bizim imamımız özü deyir ki, mən Peyğəmbərin qullarından bir qulam.

Hər ucadan daha uca var, sənə deyir yuxarı bax, haracan getdin, getdin, eybi yox. Amma gəlib fəsadla fəzilətin sərhədində dayanma. Sən seçim elə daha yuxarılara can at. Və maraqlısı budur ki, sözümü bitirirəm, gözünü ən uca zirvələrə dikən insanlar cəhənnəm odundan bizdən daha çox qorxurlar. Cəhənnəm elə bir şeydir ki, ondan uzaqlaşdıqca ondan daha çox qorxursan. Nə qədər ki onun yanındasan, az qorxursan. Uzaqlaşdıqca daha çox qorxursan. Bunun düşüncəsi budur ki, mən, qərar buydu ki, o zirvədə olum, o zirvədən sonra cəhənnəmin adını çəksən, Əli (ə.s.) ağlayır, fəryad eləyirdi. Cəhənnəm nədir? Faciədir insan üçün. Cəhənnəmdən gərək uzaqlaşasan ki, onun nə qədər dəhşətli yer olduğunu başa düşəsən, zirvədən baxanda.

Biz Allahı polis kimi tanımışıq. İnanın, heç bir təhqir deyil. Heç əstəğfürullah da deməyin. Hərdən mən bəzi sözləri deyirəm, deyirlər əstəğfürullah… yox. Mən olanı deyirəm. Bizim Allahımız polisdir. Başımızın üstündə durub ki, ayağımızı kənara atan kimi başımızdan vursun. Biz bu şəkildə… Bu şəkildə ibadətin nə ləzzəti ola bilər? Bu necə dindir? Bu həyata hansı yanaşmadır? Necə yanaşmadır?

Bütün bunları bilmək üçün həyat qaydalarını bilmək lazımdır. Bugünkü bəhsimiz də bizim müqəddimədir. İnşallah. Mən sizi əvvəldən əmin elədim ki, sizə, bizə, hamımıza gərəkli, müasir dövr ilə, hər dövr ilə səsləşən məqamlar var bu mövzuda. Bunları sadəcə yadda saxlayın, bu danışdıqlarımı.

Kərbəla hadisəsi ilə sözümü bitirmək istəyirəm. Hamısını topladı, nə dedi? Dedi hamınızdan razıyam. Aşura gecəsi. Dedi, hamınızdan razıyam. Yəni, cəhənnəm mövzusu bitdi. Cəhənnəmi çəkdi kənara. Razıyam sizdən. Bu halda razıyam. Çıxıb getsəniz, getmisiniz. Çıxıb gedin, azadsınız. O minimal dindarlar olsaydı, deyərdi, cəhənnəmə getmirəm ki, sağ ol, ya əbə əbdillah, mən getdim. Belə deyərdi. Bunlar neynədilər? Bunlar o məqsədi başa düşən… Hadisələrin episentri Kərbəlada bax bunlar idi, onlar yox. Onlarla bunlar yox. Onlar yox. Onlar heç, onlar oyundan kənar vəziyyətdə idi. Onlar insanlıqdan çıxmışdılar. İnsanlıq hadisəsi burada cərəyan edirdi. Dedi ki, siz azadsınız, cəhənnəm mövzusunu çıxartdı kənara. O həmin o müsabiqə var e, ayyukum ahsanu amala.

Bunlar yalvardılar ki, icazə verin, qalaq, yaxşılıqlar uğrunda müsabiqəyə girək. Kim daha yaxşı olacaq, kim ondan yaxşı olacaq. Və başlandı bu müsabiqə. Birinci yeri Həzrəti Əbəlfəz tutdu ki… Mən imam sözünə istinad edirəm. Deyir Allah Əmim Əbəlfəzə, İmam Səccad (ə.s.) deyir, elə bir məqam verəcək ki, qiyamətdə bütün şəhidlər qibtə eləyəcək. Yəqin ki, o birinci yer deməkdir. Bizə düşməz e onlara məqam paylaşdırmaq. Bilmirəm, amma məsum sözüdür deyə deyirəm. Həzrət Əli Əkbərdir, Həzrəti Qasimdir, Həbib İbni Məzahirdir, filan. Dərəcə dərəcə gözəlliklər içərisində seçim elədilər. Mövzu bu idi. İmam Hüseyn də bu şəraiti yaratdı. Azadlığı bu kontekstdə bəxş elədi insanlara. Azadlıq bunun üçün deyildi, cənnəti seçirsən, ya cəhənnəmi, Kərbəlada bu zühur eləyir. Azadlıq ona görə verilir ki, bu gözəlliklərdən hansını seçirsən. Bəs oyandakılar nə idi? Oyandakılar nə bilim, dünyanın ən bədbəxt insanları. Heçnə, ad tapa bilmirəm. Oyandakılar mövzu deyil. Əsas hadisə burada cərəyan eləyirdi.

Bax, bu bizim yaradılışımızın məqsədi idi. Yəni, həyatın yaradılışının məqsədi. Dünya həyatı bunun üçün yaranıb ki, insan fəzilətlər, üstünlüklər arasında seçim eləsin və imtahanın da əsas fəlsəfəsi budur. Bu bəhsi yadda saxlayın. İnşallah gələn həftə bu bəhs üzərindən həyat qaydalarının mövzusunu davam etdirəcəyik. Mən əlacsızam, mən də istəyirəm tez keçim. Hərdən deyirlər ki, bizə tez deyin filan şeyləri. Amma bunları demədən, mahiyyəti izah etmədən qaydanı demək olmur. Əvvəl gəlir deyəsən ki, bu həyatın mahiyyəti nədir, sonra qaydaları da o kontekstdə, o müstəvidə, izah eləyəsən. Bu qədər bəhsimiz, inşallah gələn həftə, ömür olsa, davam etdirərik.

Əuzu billəhi minəş-şeytanir-racim Bismillahirrahmanirrahim İnna a’tayna ke’l-kevser Fesalli li-Rabbike ve’nhar İnne şani’eke huve’l-ebter Sadaqa Allaahu al-‘Azeem.