Cümə xütbəsi - İlahi qaydalar - 3 (25.01.2019)
Assalamu aleykum va rahmatullah. Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Usikum və nəfsi bi təqvallah. Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.
Mövzumuz həyatın qaydaları, həyata hakim olan İlahi qaydalar mövzusudur. Və xatırlayırsınızsa, keçən xütbədə, keçən həftə bu ayə haqqında, bu ayənin ətrafında danışdıq. Ki, Allah Quranda buyurur, Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Buyurur ki, Allah o kəsdir ki, ölümü və həyatı yaratdı sizi imtahan etsin, hansınız daha yaxşı əməl sahibsiniz.
Keçən dəfə belə bir sual dedim. Dedim, nəyə görə bu ayədə ölüm həyatdan əvvəl gəlir? Demir ki, həyatı və ölümü yaratdı. Deyir, ölümü və həyatı yarattı. Bir halda ki, biz yaşadıqdan sonra dünyadan köçürük, burada niyə ölümü əvvəl qeyd edir? Məqsəd nədir? Bunu belə izah eləmək olar. Və bunu da deyim ki, izahın bəhsimizə də aidiyyatı var. Yəni, bunu izah etmək əsnasında bizim mövzumuza da müəyyən qədər aydınlıq gətirəcək bu izah.
Nəyə görə əvvəl ölümü qeyd edir, sonra həyatı? Çünki həyatı düz tanımağı ölümdən başlamaq lazımdır. Həyatı düz tanımaq üçün ölümdən başlayıb həyatı tanımaq lazımdır. Yəni, axırdan əvvələ gəlmək lazımdır. Axırdan əvvələ gələsən ki, həyatı və onun qaydalarını düzgün başa düşəsən, anlayasan. Ölümdən başlayır ona görə ki, əvvəldən bizə xatırladır ki, qısa müddət bu dünyada qalırsan. Sonu ölümdür. Və axırdan başla ki, əvvəlini tanıyasan. Müddətin qısa olduğunu biləsən. Bizim beynimizdə gərək yerləşsin ki həyat müvəqqətidir, qısadır. Ona görə başlayır ölümdən keçir həyata. Yəni, bu, bu qədər əhəmiyyətli məsələdir? Əlbəttə ki, çox əhəmiyyətli məsələdir.
Bizim beynimizdə ölüm məsələsi rahat həkk olunmur. Ölüm mövzusu gözümüzün önündə canlanmır. Yüzlərlə adam ölür, amma biz ölümə inanmırıq. Biz həyatda elə rəftar edirik, elə həyəcanlanırıq, hadisələrə elə münasibət göstəririk, sanki biz qısa müddət yaşamayacağıq. Sanki müddəti əbədidir bu dünyanın. Bizim bu həyata münasibətimiz onun qısalığına, onun müddətinə adekvat deyil, fərqlidir.
Biz həyatın qaydalarından danışmırıq? Bəli, mövzumuz budur. Həyatın qaydalarından danışırıqsa, əvvəl bil ki, ölüm var və bu həyatı bitirəcək. Qısa vaxtdan sonra həyat bitəcək. Bundan başla ki, tanıyasan həyatı, ona uyğun davranasan, ona uyğun yanaşasan. Bir çox qaydalar bundan qaynaqlanır axı. Bir yerdə 50 il qalacaqsansa, 60 il qalacaqsansa onun öz qaydası var, bir yerdə əbədi qalacaqsansa onun özünə uyğun qayda qanunu var.
Deyə bilərsiniz ki, kim bilmir ki, ölüm var? İnanın mənə ki, biz bilə-bilə unuduruq, bilmirik faktiki olaraq. Axı, bilsək, bizim davranışımızda öz təsirini göstərər ölüm inancı, ölümü göz önünə gətirmək. Biz dünya həyatını o qədər çox sevirik ki, ölüm fikrimizdən çıxır, sanki ölməyəcəyik kimi yaşayırıq. Tələblərimiz də ona uyğundur həyatdan, yanaşmamız da ona uyğundur. Ona görə görün, nə incə məqam var. Həyatdan danışır, həyatın qaydası, imtahan qaydasından. Ölümdən başlayır, deyir, hələ həyatın qaydasından danışmamışdan əvvəl bil ki, Allazi khalaqal mavta val hayaat. Ölüm və həyatı yaratdı. Əvvəldən bir beyninə həkk elə ki, ölüm var qarşıda və müddət çox qısadır ki, sən, həyatın qaydalarını mən sənə izah eləyəndə ona uyğun qavraya biləsən, dərk eləyə biləsən, başa düşə biləsən.
Biz o qədər dünya həyatını sevirik ki, ölüm yadımızdan çıxır, fikrimizdən çıxır. Bilirsiniz, bu sevgilər, içimizdə olan meyillər, istəklər fikirlərimizin başına nə oyun açır? Elə rahat deyirik, məncə belədir, mənim fikrimcə belədir. Oturub araşdırasan bu məncəni formalaşdıran nə qədər daxili amillər, meyillər, istəklər, xasiyyətlər var ki, nəticədə səncə belə olur. Bu səncə belə olub mənəvi bir məsələdir. Ona görə mən bunu sizə keçmişdə də çox demişəm. Quran düşüncəyə görə insanları bilirsiniz niyə qınayır? Başqaları deyə bilər, fikir azadlıqdır da mən belə düşünürəm. Quranın bir incə məsələsi var, məntiqi var. Quran buyurur ki, sənin düşüncən azad olsun, amma axtar tap gör ki, niyə belə düşünürsən. Bu niyə belə düşünürsən, mövzu gəlir olur mənəvi. Çünki sənin bu və ya digər şəkildə düşünməyin, sənin xeyli daxilində olan istəklərinin təsiri altındadır. Sənin düşüncənə diktə eləyən istəklərin var, meyillərin var, təmayüllərin var.
Ona görə səni qınayır ki, sən içini təmizləmək üçün, deyir, sən özünü təmizlə ki, düz görəsən. Deyə bilərsən, mənim özümü təmizləməyimin fikrimə nə dəxli var? Birbaşa təsiri var. Sən özünü təmizlədikcə sənin fikrinə təsir eləyən o dolayı amilləri neytrallaşdırırsan, bloklayırsan və fikir müstəqil olur, düz düşünməyə başlayırsan. Ona görə də bir dənə məncə belədir sözünü sən araşdırsan, niyə səncə belədir, niyə başqasınca başqa cürdür? Görürsən ki, yüzlərlə meyil, istək əl ələ verib, ta sən gəlib deyəsən, məncə belədir. Mənim düşüncəmə görə belədir. Vay o gündən, biz keçən dəfə də dedik, bir şeyi sevmədik, fikrimiz o sevməməyimizə görə o həmən şeyi unudacaq, təhrif edəcək.
Bu qədər aydın məsələdir ki, həyat bitəcək. Biz o qədər ölümü istəmirik ki, unuduruq bunu. Gündə də bir cənazəni çiynimizə qoyub, iki gündən bir, beş gündən bir, iki aydan bir eşdirik, filankəs rəhmətə getdi, aparıb, dəfn edirik. Bu qədər aydın bir şeyi unuduruq amma. Unutmasaq davranışımıza təsirini göstərər.
İnsan belədir, bir şeyi çox istədisə, istədiyinə uyğun düşünməyə başlayır, reallığa uyğun yox. Başa düşürsünüz, bir var reallığı olduğu kimi görəsən, bir var istədiyin kimi görəsən. Əsas problem bundadır. Ona görə Peyğəmbər dönə dönə dua eləyir, Allahumma arinal ashya’a kama hiya. O boyda əzəmətli Peyğəmbər başqa dua tapmadı eləməyə?! Deyir, İlahi mənə hər şeyi necə var elə göstər. Çünki bu necə var elə görmək üçün xeyli iş görülməlidir. Bizim elə əsas bəlamız budur ki, biz hər şeyi istədiyimiz kimi görürük, reallıqda olduğu kimi görmürük.
İnanın, çox mühüm mövzulardır, çox vacib məsələlərdir. Söhbətin içində çıxır, adam istəyir üzərində dayansın, vaxt bizə imkan vermir. Bu həyat sevgisi ki, bizim içimizdə var, onun kökü müsbətdir. Kökü müsbətdir həyat sevgisinin. Niyə? Çünki biz əbədi həyat üçün yaranmışıq, ona görə həyatı sevməliyik. Həyat deyildikdə təkcə bu dünya həyatı yox, ümumiyyətlə həyatı sevməliyik. Bizim burada səhvimiz bundadır ki, həyatı bu dünya həyatı ilə məhdudlaşdırırıq və bütün sevgimizi bu həyata yönəldirik.
İzah eləyim qısa. Bax, biz əbədi var olacağıq. Biz əbədi həyat üçün yaranmışıq, elədir, bəli. Bizim içimizdə həyat eşqi qoyulub. Bu həyat eşqi nə qədər şiddətlidir? Nə qədər şiddətlidir? O, əbədiyyət müddətinə uyğun şiddətlidir. Yəni, əbədiyyət ki, bizi qarşıda gözləyir, bizim içimizdə olan bu fitri, həyat eşqi də o əbədiyyət müddəti qədər şiddətlidir. Başa düşürsünüz? Bir varlıq ki, əbədi var olacaq, onu qarşıda sonsuz həyat gözləyir, onun eşqi həyata nə qədər şiddətlidir? O həyat qədər, həyatın uzunluğu qədər. Ona görə bizim içimizdə şiddətli həyat eşqi var. O güclü həyat eşqini gətirib ancaq qısa ömürlə məhdudlaşdıranda, onda bir tərsmütənasiblik yaranır və başlayırıq tuğyan eləməyə. Çünki o eşq qoyulmuşdu uzun müddət üçün, əbədiyyət üçün. Onu sıxışdırırıq dünya həyatına. Bu eşq ki, bizim içimizdə var, o dünya həyatının müddəti ilə uyğun deyil, adekvat deyil. Onu sığışdıranda ancaq 50 illik dünyaya, onda insan başlayır tuğyan eləməyə, iki əlli yapışmağa, bu həyat üçün hər nəyə getməyə, hər bir addıma. Çünki bu boyda şiddətli eşq ki nəzərdə tutulmuşdu əbədiyyət üçün, onu sıxışdırırıq 50 illik ömürə. Bu eşqlə bu müddət bir-birinə heç uyğun deyil.
Allah bizim içimizdə həyat eşqi qoyub. Ümumiyyətlə biz var olmağımıza sevinməliyik, var olmağımızı sevməliyik. Bizim ömrümüz Allahın ömrü qədərdir. Mən bunu bir dəfə demişdim, çoxlarında sual yaramışdı ki, bu necə sözdür? Necə sözdür, Allah özü deyir, cənnətdə məktub göndərir bəndələrinə, deyir, minal hayyil qayyumil-ladzi la yamut, ilal hayyil qayyumil-ladzi la yamut [TODO-Correction]. Ölümsüz Allahdan, ölümsüz bəndəsinə. Deməli, Allahın ömrü ki əbədidir, biz də onunla bir yerdə həmişə varıq. Ömrümüz bu qədər uzundur bizim.
İndi o uzun ömürə uyğun da həyat eşqi olmalıdır insanın içində. Olmasa, insan həvəslənməz yaşamağa. Allah fitrətdə ona görə qoyub. Biz gətiririk o əbədi həyat eşqini, hamısını sığışdırırıq 50 ilin müddətinə, onda tüğyan başlayır. Uyğunsuzluğun nəticəsində. Hər şeyi gərək qədərində sevəsən də. Çox sevirik, ona görə Allah bunu qınayır. Yoxsa həyat eşqi qınanılası bir şey deyil. Həyat eşqi, yəni bütün əbədiyyətin sevgisi, əbədiyyət eşqi.
Biz nəyə görə ölümü unuduruq? Çünki bütün həyatın eşqini dünya həyatına bağlayırıq və həyat eşqi olanda da ölümü son hesab eləyirik deyə ölümdən qorxuruq və ölümü unutmağa çalışırıq. Bizim bütün pisliklərimizin kökündə yaxşı xislətlərimiz dayanır. Bütün pisliklər ki var, təkəbbürdür, bax bu dünyapərəstlikdir, hamısının kökünə gedirsən… Böyüklük istəyi yaxşı istəkdir. Onun ünvanını yönəldirik dünyada, 5-10 nəfərin içində böyük olaq, olur təkəbbür. Həyat eşqi gözəl bir şeydir, onu məhdudlaşdırırıq dünyayla, gəlir olur dünyapərəstlik. Bütün mənfilərin kökündə müsbətlər dayanır. Düzgün hidayət olunmamış müsbət meyillər. Düzgün səmtə yönəlməmiş müsbət istəklər.
Sözün qısası, bizi qarşıda əbədiyyət gözləyir və ölümlə o əbədiyyətə keçirik və bu həyat həmin o əbədi həyatın qısa mərhələsidir. Bunu bilək əvvəldə ki, qaydaları da ona uyğundur. Bunu bilməsək, bunun üzərində köklənməsək, həyatın qaydalarını dərk eləyə bilməyəcəyik. Niyələr yaranacaq. Niyə belə olur, niyə elə olur? Bu niyələrin çoxu ona görədir ki, biz ölümdən başlamırıq həyat bəhsini. Allah, görün, nə incə şəkildə ölümdən həyata keçid alır. Deyir ki, çünki sən indi həyatı yaşayacaqsan, bunun qaydalarını tanımaq üçün əvvəldən başlayaq ki, qısadır. Qısalığını başa düşəsən ki, qaydalarını da düzgün dəyərləndirəsən.
Ona görə deyir, Allazi khalaqal mavta val hayaat. Sən gedəsisən. Bu gedəsiyəm sözü var e, bunu həkk eləsin insan gerək beyninə. Asan deyil bu. Ölümün qorxusu səbəb olur ki, unutsun onu. Ümumiyyətlə, insan psixoloji cəhətdən belə qurulub ki, bir şeydən qorxdursa, onu unutmağa çalışır. Unudanda da düz yaşamır. Səhvdən çıxıb, başqa bir səhvə düşür.
Niyə bizə dinimiz deyir ki, vəsiyyətin həmişə hazır olsun? 20 yaşda oğlandır e, deyir, vəsiyyətini yaz, kəfənini indidən al, qoy. Nəyə görə bunları deyir? Onları ona görə deyir ki, ölüm düşüncəsi ilə, ölümü görmək ilə həyatı yaşa. Bunu deyəndə həmişə irad tuturlar ki, hə də indi ölümü bu qədər şişirdirsiniz deyə müsəlmanlar yaşamır. Tamamilə yanlış fikirdir. Ölümü düzgün izah eləsən… Sənə deməyiblər, əlini əlinin üstündə qoy, daha heç nə eləmə onsuz da öləcəksən, otur gözlə haçan öləcəksən. Kim deyir bunu? Bu tamamilə yanlışdır.
İnsan ölümdən sonra var olacağını bilsə, sadəcə olaraq başqaları kimi yaşayacaq, sadəcə bütün addımlarını axıra hesablayacaq, vəssəlam. Onda daha qəşəng atacaq o addımları, onda ruhdan düşməyəcək, tam əzmlə çalışacaq, əksinə daha aktiv yaşayacaq. Daha fədakar olacaq. Və maraqlısı budur ki, kim vəsiyyət yazsa, ömrü uzanır. Ölümü yad eləməklə, ömür qısalmır. O saat iki əli ilə qulağını dartır, vurur şeyə ki, məndən… Ölümün adını çəkməyə peşmansan, nə mədəniyyət formalaşdırırlar? Güya ki, deyəndə ki, yaxşı ölməyəcək… Aldadaq özümüzü yaşayaq.
Min yaşa deyirlər e hərdən utanmadan. Min yaşa. Min də yaşamaq olar?! Nuh Peyğəmbər yaşayıb. Dua eləyəndə, deyir, ad günündə deyir, min yaşa. Niyə camaatın başını aldadırsan? Ya qulağını dartanda, stola vuranda nə olur axı?! Ölümdən danışma. Onu yad eləyəndə, ölüm gəlir adamın sorağına?! Qətiyyən. Yad elədikcə, ömrün uzanır, bərəkətli olur, mübarək olur. Əksinə, xətadan siğortalanırsan. Əksinə, əhval ruhiyyən düzəlir.
Bütün nə boyda potensial var, bütün potensiallarımız əbədiyyətə hesablanır. Əbədiyyətin qapısını bağlayırıq, o əzəmətli potensiallarımızı dünyaya yönələndə oluruq firon. Deyirəm mən Allaham. Çünki bu istəklər çox alidir axı. Dünyaya da sığmır, deyir mənim Allaham. Allahlığacan iddia edir. Hamısı ondandır ki, böyük potensialı xırda şeyə yönəldəndə, o sığmayanda daşır da, tüğyan edir insan. Başa düşürsünüz, məsələnin incəliyi, məğzi nədədir?! Allah əvvəl başlayır həyat bəhsini ölümdən. Çünki bil əvvəl qısadır, sonra oturaq söhbət eləyək sənlə. Sən nəhayət başa düş.
Vallah deyərsiniz ki, nə sadə mövzudur. Vallah çoxumuz başa düşmürük. Birinci özümü aid edirəm. Biz başa düşürük ki, ömür qısadır?! Biz başa düşsək, belə mənim kimi davranmaz e insan. Özümə deyirəm. Biz başa düşmürük, qəbul eləmirik ki, ömür qısadır. Fürsət qısadır. Fürsətin qısa olduğunu bil ki, biləsən qaydaları da o qısalığına uyğundur. Cavanlığı qısa, güclülüyün qısadır müddəti, qüdrətinin müddəti qısadır. Ölümə inan, ölümü gözünün önünə gətir ki, həyat haqqında danışaq, qaydalar haqqında danışaq.
Ona görə mən mövzunun qabağına bugündən müvəqqəti sözünü artırıram. Bizim mövzumuz müvəqqəti həyatımızın qaydalarındandır. Müvəqqəti həyatın qaydaları. Bu müvəqqətini gərək təkrar eləyək ki, bir ay, bəlkə bu mövzuda, bəlkə ay yarım, bəlkə Ramazan ayına qədər davam eləyəcək. Bu mövzunun nəticəsində axırda həkk olunsun beynimizə ki, inşallah Allah ömür versə hələ. Həkk olunsun ki, biz müvəqqətiyik.
Qısalığını biləndə çox şey dəyişir, çox şeyə baxışımız dəyişir. Məsələn, çətinliklər mövzusuna. Biləndə qısadı, çətinliklərə bir cür yanaşırsan, bilməyəndə başqa cür. Bir nəfər alim danışır ki, deyir dostum dedi görüşək, neçə vaxtı görüşmürdük. 30 yaşındaydıq, deyir, o vaxt, cavan idik. Gəldi dedi ki, dəhşətli dərəcədə sıxıntılarım var, problemlərim var. Deyir, ürəyimdə dedim, qoy sözünü qutarsın, dedim ruhaninin işi nədir, nəsihət eləyərəm ki, səbirli ol filan filan. Deyir, bu dərdlərini danışdıqca mən dəhşətə gəldim, dedim, vallah buna söz danışmağına dəyməz. Bu elə bir haldadır ki, mən ona nəsə desəm, əks təsir göstərər. Yaxşısı budur mən heç nə danışmayım.
Deyir, bu problemlərini saydı, sadaladı, bitirdi. Dedi, bax, indi mən necə yaşayım, necə eləyim? Deyir, daha çox ağır idi dərdləri. Deyir, heç nə danışmaq qərarım yox idi, amma birdən Allah dilimə saldı, Allah fikrimə saldı. Dedim ki, neçə yaşın var? Dedi dostuq da, bilirsən, yaşıdıq, 30 neçə, 32 məsələn. Deyir, dedim, bu 32 il necə gəlib keçib? Dedi, heç, bir göz qırpımı. Elədir də, 32 il bir göz qırpımıdır həqiqətən. Bir göz qırpımı. Deyir, dedim, bundan sonra nə qədər qalmaq fikrin var? Var. Dedi, əşi Allah elə ölüm versin, sabah ölüm çıxım gedim. Deyir, yox, dedim, bu söhbətləri qoyaq qırağa. Məsələn də maksimum. Dedi bir 40 il. Məsələn, maksimum. Deyir, dedim ki bu da keçirəcək bir göz qırpımı. Deyir, bir göz qırpımına görə bu qədər hayhəşir salmısan?!
Deyir, özünə gəldi, elə bil qəlbində hazırlıq var idi. Mənim də dilimə düşdü, sadə də bir sözdür əslində. Deyir, nə yaxşı söz dedin sən mənə?! Bir müddət keçdi, zəng elədi, nə yaxşı səni gördüm, mən həyatımı dəyişdim, getdim, işlərim yarımçıq idi, təhsil atmışdım filan hamısını davam edirəm, əla haldayam. Dedim, vallah mənlik bir şey deyil, bu bildiyimiz bir şeydir. İndi ona görə deyə bilərsiniz ki, bu qədər ölümdən niyə danışırsan, burada oturanlar bilmir? Vallah bilmirik. Bilsək belə davranmarıq.
Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Allah ölüm və həyatı yaratdı. Ölümdən başla ki, yanaşman düz olsun. Adam ölümü nəzərinə gətirməsə həyat haqqında danışmağına dəyməz. Məhdudiyyətləri nəzərə almayıb, imkanlar haqqında danışmazlar. Uğur layihələri var e dünyada, məsələn Karnegim, filan filan, mincə uğur layihələri var. Onların əsas eybi nədir? Onların əsas eybi budur ki, ölümdən başlamırlar. Ölümdən başlamırlar. Ölümdən qafil eləyir insanları, həyatda uğur qazanmağın yolunu öyrədir. Bu, kökündən səhvdir.
Quran da uğur layihəsidir. Ən böyük uğur layihəsi Qurandır. Quran ən əsas reallıq ki, insanlar onu unutmağa çalışır, ən əsas reallıq olan ölümdən başlayır həyatı izah eləməyə. Həyatı təfsir eləyir ölüm pəncərəsindən. Ölüm qapısından həyata daxil olur ki, baxışı düzgün formalaşdırsın. Çünki ölümü unudub, ölümün üstünə xətt çəkib həyat haqqında danışmaq insanları səhvə düçar eləməkdir. İnsanları səhv yola sürükləməkdir. Həyatdan əvvəl ölümü nəzərə al, sonra başqa cür tanıyacaqsan həyatı və qaydalarını.
Bundan sonra biz həyatdan danışacağıq, amma yadınızda olsun ki, qısa dünya həyatının qaydaları haqqında danışırıq. Çox tezliklə bitəcək. İctimai münasibətlərdən də danışacağıq da, yəqin ki, vaxt olsa, zaman olsa.
Burada oturan dostlar var. Hamımız əvvəl bunu bilək ki, biz tezliklə bir-birimizdən ayrılacağıq. Çox tezliklə. Yəni, tezliklə bir-birimizdən ayrılacağıq, ona uyğun münasibət quraq gəlin. Dəyməz ki, küsəsən. Bunun, məsələn, bir ilini küsülü olasan, iki ilini belə olasan. Çox tezliklə əziz dostlar bir-birindən ayrılacaq, burada oturanların hamısı. Sevirsənsə dostunu, bil ki, belə olacaq. Sonra əbədiyyət var e qarşıda, amma bilinmir axı, inşallah, biz bir yerdə orada olacağıq, olmayacağıq. O özü də bir sualdır.
Bir qoca kişi idi, deyirdi ki, bütün dostlarım dünyasını dəyişib. Özünüzü təsəvvür edin. Deyir, darıxıram artıq. İndi bir-birinizə zəng eliyirsiniz, gedirsiniz oturaq filan yerdə. Deyir, həcc dostlarım rəhmətə gedib, kərbəla dostlarım rəhmətə gedib filan. Heç kəsim qalmıb. Heçnə. Darıxıram indi, bilmirəm kimlə oturum. Yaşı çox idi.
Biz ziyarətə gedirik… Ziyarət olmasa da, indi mən ziyarətdən misal çəkim də. Ziyarətə gedirik, bizi aparırlar otelə. Otelə daxil olan kimi qaydaları öyrənirik. Məsələn, qaydalar deyəndə, məsələn, deyirik ki, yemək yeri neçənci mərtəbədədir? Məsələn, soruşuruq ki, məsələn, wifi kodu nədir? Bunu birinci çatan kimi yeməkdən də qabaq bunu öyrənirik. Məsələn, lift neçə dənədir? Hardandır liftin yolu? Bunları öyrənirik. Amma nəyi bilirik? Bilirik ki, iki gün, üç gün qalacağıq. İki üç gün qalacağıq fikri bizə hakimdir. Ondan sonra öyrənirik ki, burada necə davranaq. Oteldə bizi hər an şüuraltı olaraq müşayiət edən bir fikir var ki, biz burada müvəqqətiyik, iki üç günlüyük. Ona adekvat da davranırıq, amma eyni zamanda qaydaları da bilirik. Saat nəçədə yemək verilir burada, filan, hamısını öyrənirik, və ona uyğun da davranırıq. Beynimizdə bu həkk olunur.
İndi biri deyə ki, usta çağırın, mən buranı təmir eləyirəm. Bahalı mebil alım gətirim, kərbəlada qoyuram otağıma. Deyirlər, sənin ağlın qaçıb, başın xarab oldu, iki gün qalacaqsan burada, niyə buranı təmir eləyirsən, niyə mebel alıb gətirib yığırsan? Qısalığına uyğun davranırıq. Ona görə Allah da ölümdən başlayır ki, əvvəl bil, qısadır. Bu qısalıq sənin fikrini, həmişə səni müşayiət eləsin və qaydaları da bu kontekstdə rahat anlayacaqsan. Onda həyatın qaydalarını uzun-uzadı izah eləməyə ehtiyac olmayacaq. Onda biləcəksən, hə hə hə, oteldəyəm də. Hər dəfə qayda deyəndə, niyə gələndə, hə də qısadır. Otel deyəndə, iki günlükdür. İki günlüyü başa düşmədən, mən burada nə qədər danışsam… Niyə belə olur?! O etiraz niyəsi xeylisi azalır müvəqqətliyini anlamaqla. Xeylisini daha yaxşı başa düşürsən, anlayırsan. Dünya qaydalarını onun müddətinə uyğun nəzərdən keçirin.
Sözümü yavaş-yavaş bitirirəm. İndi bəziləri bu moizədən çıxanda, mən neyləyim də, bax, bu düşüncə ilə. Mən bir ömür bununla mübarizə apardım. Moizədən çıxanda deyəcəklər ki, Allah filankəsdən razı olsun, bizi nəsihət elədi, ölümü bizim yadımıza saldı, filan. Aparacaqlar yenə bu bəhsi, mücərrəd mənəvi müstəviyə. Şeytanın ən böyük silahı budur. Allah razı olsun, zikr-ül-moğd oldu, məsələn zikr-ül-moğdu ruhanilər bilir də, ölüm yadımıza düşdü, ölümü yada saldı. Allah razı olsun, nəsihət elədi, filan elədi. Yox, valla deyirəm, vallah. Mən bugün nəsihət kontekstində yanaşmıram məsələyə. Nəsihət kimi qəbul eləməyin mənim sözümü. Praktiki qaydadan danışıram. Nə qədər ki, ölüm bizim üçün praktiki qayda deyil, sırf mənəvi bir moizədir, biz düzgün yaşayabilməyəcəyik. Mən praktiki qaydadan danışıram. Ölüm gözünün önündə olmasa, hər bir hadisəyə, hər bir insana baxışında səhv eləyəcəksən.
Deməyin, filankəs bugün, maşallah, mənəvi mövzuda danışdı, ölüm haqqında, biz mənəvi feyz aldıq, belə deməyin. Deyin, praktiki qaydalardan danışdı. Çünki ölüm qaydasını dərk eləməklə, beynə otuzdurmaqla sənin bütün qiymətləndirmələrin, dəyərləndirmələrin, atdığın addımlar… Ən praktiki mövzudur ölüm mövzusu. Ölüm mövzusunu həmin o mücərrəd mənəvi müstəvidən gətirək praktiki müstəviyyə. Mən sadəcə həyat qaydasından danışıram. Heç hesab eləyin ki, burada dayanan din xadimi deyil, bura heç məscid deyil.
Məsələn, praktiki biz uğur qazanmaq, həyatı düz yaşamaq haqqında baş sındırırıq, yol axtarırıq, misal üçün. Bizim həmişə şüuraltımızda şeytan bizim bütün dini mövzularımızı aparır, bir anlaşılmayan fəzaya, adını qoyuruq mənəvi filan filan, nəticə də əldə edə bilmirik. Çıxış yolu da göstərə bilmirik.
Ölüm təkcə mənəvi nəsihət mövzusu deyil, ən praktiki mövzulardan biridir. Həyatla münasibət düz olur mövzunu ölümlə başlayanda. Biz inşallah öləcəyik, deyin inşallah. Qorxmayın e, inşallah deyəndə tez ölməyəcəksiniz. İnşallah deyəndə, inşallah ki, ömrünüz uzun olsun, bərəkətli olsun, yüz il yaşayasınız istəyirsinizsə əgər, inşallah, amma inşallah yenə də öləcəyik.
Ad günündür, dostlar… Bizdə şükür Allaha ki tost demirlər, Allah sənin ömrünü filan eləsin… Qulaq as onlara, denən ki çox sağol, ürəyində denən ki, mən öləcəm bir gün. Heç nə olmayacaq onda. Qanın da qaralmayacaq. Əksinə, onu nəzərə almadan, ölümdən sonra yoxluq gəlirsə, ad günündə adamın qanı qaralır ki, bu günlər getdi. Bir saatdan sonra dağılışırıq. Amma bir də var ki, bu bir saatdan sonra dağılışacağıq, sonra yenə görüşəcəyik, sonra həmişə bir olacağıq, bundan da gözəl, sevincli günlərim var, Allahın yanında əbədi olaraq qalacam. Bu əhval ruhiyyə ilə ad günündə oturanda, daha yaxşı olur adamın əhval ruhiyyəsi, daha yaxşı olur, daha xoş olur.
Deməyin ki, soyudursan e bizi həyatdan. Vallah ölüm inancı ancaq daha da böyük hərarət verir həyata. Bu gün nə olub ölümdən danışırsan? Deyir, o kvartalın axırı nə ölmək ölmək salmısan, o məşhur filmdə deyir. Bu gün nə məsələdir ki, nə olub, nə baş verib ki, ölümdən danışırsan? Heç nə baş verməyib. Adi bir gündür, elə adi gündə adam bu şeyləri danışmalıdır. Xüsusi bir şey baş verməyib. Biz ölümdən sonra çox şeyləri başa düşəcəyik. Sadəcə mənim bir din xadimi olaraq istəyim budur ki, ölməmişdən həmin şeyləri başa düşək. Ora getməmiş başa düşək.
Ölüləri qaldırasan indi, hə, həyata baxışları fərqlidir. Həyat zamanı mənalı, əhəmiyyətli bildiyi şeylərə əhəmiyyət vermirlər indi onlar. Əhəmiyyətsiz şeylər əhəmiyyətlidir onlar üçün. Mən nə deyirəm? Mən deyirəm, gəlin oradan başlayaq, ölməmiş, onların baxışı ilə həyata baxaq. Sonra yaşayaq özümüz üçün. Düz yaşayaq. O, ölənlərin yanaşması dirilərdə olsa, indi o deyir ki, ay da, mən buna əhəmiyyət verirdim, sən demə, heç əhəmiyyəti yoxuymuş. Falan şey, heç önəm vermirdim, çox önəmliymiş. O ölən elə deyir. İndi biz elə deyək. Dirilikdə deyək. Ölünün baxışı ilə, yəni dünyasını dəyişmişin baxışı ilə dünyaya baxan insan uğurlu yaşayacaq. Nəyin əhəmiyyətli olduğunu biləcək, nəyin əhəmiyyətsiz olduğunu dərk eləyəcək.
Annasu niyamun fa idza matu intabahu. İnsanlar yatıb öləndən sonra ayılacaqlar. Əli əleyhissəlamın sözüdür. Biz, deyirəm mənim məqsədim budur ki, indidən ayılaq, ayıq yaşayaq. Yuxuda nə qədər yaşamaq olar? Ölümü yad eləyənlər ayıqdır. Ölümü yad eləməyənlər röya aləmində yaşayır. Reallıqları dəyərləndirmir. Real aləmdə deyillər. İnsan ölümü yad eləməklə ağlı işə düşür, şüuru artır. Yoxsa buyurur, kordur, kardır, laldır. Quran belə qiymətləndirir. Lal adam, kor adam, kar adam… Mənəvi korluqdən danışır, e, bu gözün yox. O adam nə uğur qazana bilər həyatda?
Gözü açmaq istəyir Allah. Gözün açılsın, sonra uğurlu yaşa. Hansı ixtisası seçim? Seçəndə seç, amma denən ki, 50 il qalacam ha, 60 il. Öləcəm, bundan sonra mütləq ölüm gəlir. Kim ilə evlənim? Mən ölməliyəm. Ölməliyəm. Bütün qərarlarını müşayiət eləsən, onda düz qərar verəcəksən. Harada işləyim, necə işləyim, hansı evi alım, bütün bunları düzgün qərar vermək üçün bil ki, bir gün… O otelədə insan elə bilsə ki 100 il qalacaq, onu da təmir eləməyə haqqı var. Biləndə ki iki gün, ona uyğun da davranır. Həyatda da denən mən müvəqqətiyəm, sonra düz qərar verəcəksən. Şəraitə uyğun qərar verəcəksən.
Sözümü bitirirəm, biz inşallah qiyamət günü görüşəcəyik, mütləq inşallah. Orada biz görəcəyik, sözümü mən burada deyirəm, orada da inşallah görüşəndə bu sözümün doğruluğunu biləcəksiniz. Biz həyatda nə qədər səhvlər buraxmışıq. İnanın, qiyamətdə biləcəyik ki, o səhvlərin hamısı, bütün səhv seçimlərimiz, səhv addımlarımız, səhv baxışlarımız ölümü unutmağımızın nəticəsində idi. Deməli, bu mövzu həyatın qaydalarına birbaşa aidiyyatı olan mövzudur. Ona görə də bugün məhz… Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Allah ölüm və həyatı yaratdı ki, bilsin, imtahan etsin ki, hansınız daha yaxşı əməl sahibisiniz. Ölümü gözünün önünə gətirməklə həyatı tanımağa başladıq. Bugünkü gün bu barədə danışdıq. Gələn cümə Allah bizim ömrümüzü çatdırsa o vaxta, inşallah bu bəhsi yenidən davam eləyəcəyik.
Əuzu billəhi minəş-şeytanir-racim Bismillahirrahmanirrahim İnna a’tayna ke’l-kevser Fesalli li-Rabbike ve’nhar İnne şani’eke huve’l-ebter Sadaqa Allaahu al-‘Azeem.